AZ

Boşanma ilə bağlı qaydalar dəyişir

Rusiya hökuməti ölkədə pisləşən demoqrafik vəziyyət səbəbindən ailədaxili mübahisələrin məhkəməyə çıxarılmadan əvvəl vasitəçilik yolu ilə həllini məcburi etməyə hazırlaşır.

Nazirlər Kabineti tərəfindən təsdiqlənən ailə və demoqrafiya siyasəti planına əsasən, boşanmaq istəyən cütlüklər, xüsusilə uşaqların olduğu hallarda, müstəqil bir vasitəçi ilə “məlumatlandırma görüşməsi”ndə iştirak etməli olacaqlar. Bu müddət ərzində məhkəmə prosesi dayandırılacaq.

"Cebheinfo.az" xəbər verir ki, eyni zamanda vahid vasitəçi reyestrinin yaradılması və bu sahəyə nəzarət edəcək federal qurumun müəyyənləşdirilməsi də gündəmdədir.

Qeyd olunur ki, Rusiya vətəndaşları ailədaxili mübahisələrdə təkcə boşanma öncəsi deyil, həm də uşaqlarla bağlı məhkəmə qərarlarının icrası mərhələsində vasitəçilik mexanizmlərindən yararlana biləcəklər.

Zəruri dəyişikliklər “Vasitəçilik yolu ilə mübahisələrin həlli haqqında” Qanuna ediləcək. Yeni tənzimləmələrin hazırlanması Ədliyyə, İqtisadi İnkişaf, Əmək və Maliyyə nazirliklərinə tapşırılıb.

İslahatların 2026–2027-ci illərdə qüvvəyə minməsi nəzərdə tutulur. Son illərdə boşanma hallarının sürətlə artması hakimiyyət orqanlarının təzyiqini artırıb. 

2023-cü ildə 683 mindən çox boşanma qeydə alınıb, 2024-cü ildə bu rəqəm 644 minə düşsə də, evliliklərin sayında da ciddi azalma müşahidə olunub.

Araşdırmalar göstərir ki, boşanmaların əsas səbəbləri sırasında yoxsulluq və iqtisadi çatışmazlıqlar ön plana çıxır. VTsIOM-un məlumatına görə, cütlüklərin üçdə biri boşanmanı məhz maddi çətinliklərlə əsaslandırır. Digər geniş yayılmış səbəblər arasında ünsiyyət problemləri, qısqanclıq və xəyanət yer alır.

Sosial psixoloqlar isə ölkədə hökm sürən ümumi “narahatlıq və panika mühiti”nin ailələrin dözümlülüyünü zəiflətdiyini bildirirlər.

Bu vəziyyət fonunda parlamentdə boşanmış valideynləri uşağı birgə böyütməyə məcbur edən qanun layihələri, eləcə də hər boşanma üçün maliyyə cəriməsi tətbiq olunması kimi sərt təkliflər də müzakirə edilir.

Seçilən
87
cebheinfo.az

1Mənbələr