Arzu Bəydəmirova: Arterial hipertenziyanın müalicəsində həyat tərzi və qidalanma da mühüm rol oynayır
Ahıl yaşlarında insanların əziyyət çəkdiyi müxtəlif xəstəliklərin sayı artır. Bu xəstəliklər arasında kardioloji problemlər üstünlük təşkil edir.
Medicina.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Arzu Bəydəmirova yaşlı insanların hansı ürək-damar xəstəlikləri ilə daha çox üzləşdiyindən danışıb
A.Bəydəmirovanın sözlərinə görə, hazırda 65-75 yaş aralığında olan insanların sayı artır. Bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində səhiyyə sisteminin yeni yanaşmalar və strategiyalar formalaşdırmasını zəruri edir:
“Ahıl yaş dövründə xəstəliklərin, xüsusilə də kardioloji problemlərin artması sağlam qocalıq mühitinin yaradılmasına ciddi maneə təşkil edir. Yaşlı insanlar arasında ən geniş yayılmış xəstəlik arterial hipertenziyadır. Statistik proqnozlara əsasən, 2050-cu illərdə dünyada hər 6 nəfərdən biri ahıl yaş dövründə olacaq və bu yaş qrupunda hipertenziya ilk sırada dayanacaq”.
Dosent bildirib ki, yaş artdıqca damarların anatomik və fizioloji quruluşunda dəyişikliklər baş verir. Gənclik dövründə hipertenziyası olan şəxslərdə bu dəyişikliklər ahıl yaşda daha ağır fəsadlara yol aça bilər.
Onun sözlərinə görə, ilkin mərhələdə koqnitiv pozuntular yaranır, sonrakı mərhələdə isə Altsheymer xəstəliyinin inkişaf riski artır:
“Bu səbəbdən hipertenziyanın müalicəsində elə preparatlar seçilməlidir ki, koqnitiv funksiyalara mənfi təsir göstərməsin. Hipertenziyanın digər təhlükəli tərəfi isə ürəyin sol mədəciyinə düşən yükün artması və yığılma qabiliyyətinin azalmasıdır. Arterial təzyiq yüksəldikcə, periferik damar müqaviməti də artır və bu isə getdikcə ürəyin yığılma qabiliyyətini zəiflədir. Seçilən dərman həm təzyiqi tənzimləməli, həm də miokardın fəaliyyətinə mənfi təsir göstərməməlidir. Məsələn, bəzi beta-blokatorlar miokardın yığılma gücünü azaldır, kalsium kanal blokatorları isə yaşlılarda parkinsonizmə oxşar əlavə təsirlər yarada bilər”.

A.Bəydəmirova qeyd edib ki, ahıl insanların bir çoxu arterial hipertenziya ilə bağlı müalicə alsa da, 65 yaşdan sonra mütəmadi təzyiq ölçmək vərdişi zəifləyir. Bu isə xəstəliyin yalnız miokard infarktı, işemik və ya hemorragik insult baş verdikdə, aşkara çıxmasına səbəb olur.
Həkim vətəndaşları “yaxınlarım belə məsləhət gördü”, “qonşum bu dərmanı qəbul edir” kimi qeyri-peşəkar tövsiyələrlə özbaşına dərman istifadəsindən çəkinməyə çağırır. Deyir ki, böyrək xəstəlikləri, beyin-qan dövranı pozuntuları, mədə-bağırsaq sistemi problemləri və endokrin xəstəliklər hipertenziyanın yaranmasına səbəb ola bilər:
“Məsələn, qalxanabənzər vəzin funksional çatışmazlığı zamanı istifadə edilən L-troksin molekulası ürəkdə simpatik aktivliyi artıraraq arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər. Bu halda hipertenziyanın əsas səbəbi düzgün seçilməyən endokrin müalicədir. Eyni zamanda şəkərli diabet zamanı istifadə olunan bəzi preparatlar da böyrək-qan dövranına mənfi təsir edərək arterial təzyiqi yüksəldə bilər”.
Dosent vurğulayıb ki, ahıl yaşlı xəstələrdə təzyiqə qarşı dərman müalicəsi minimal dozadan, sutkada 1 dəfə qəbuldan başlanmalıdır. Çünki çoxsaylı dərmanların eyni vaxtda qəbulu yan təsir riskini artırmaqla yanaşı, preparatların bir-birinin sorulmasına mane olmasına da səbəb ola bilər.
A.Bəydəmirova müalicə prosesində həyat tərzi və qidalanmanın da mühüm rol oynadığını bildirib: “Duz və mayeni normadan artıq qəbul etmək yaşlı insanlarda səhər saatlarında arterial təzyiqin yüksəlməsinə səbəb olur. Buna görə də duzsuz pəhriz, düzgün rasion və karbohidratların günün ikinci yarısında qəbul edilməməsi tövsiyə olunur. Gecə saatlarında uzun müddət film izləmək və sosial şəbəkələrdən istifadə etmək də arterial təzyiqin yüksəlməsinə şərait yaradır”.
Qeyd edək ki, Arzu Bəydəmirova vaxtaşırı Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının təşəbbüskarı olduğu xeyriyyə aksiyalarına da qatılır. O cümlədən, 44 günlük Vətən müharibəsindən sonra ölkənin müxtəlif bölgələrində şəhid və qazi ailə üzvlərinin tibbi müayinələrinin aparılmasında yaxından iştirak edib. Əməkdaşımız bu günlərdə keçiriləcək növbəti xeyriyyə tədbirində də yer alacaq.
