ain.az bildirir, 525.az portalına istinadən.
“Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə zamanı bir çox mühüm məsələlərlə yanaşı, ABŞ-la münasibətlərə də toxunub. Dövlət başçısı bəyan edib ki, Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər. 907-ci düzəlişə diqqət çəkən Prezident bildirib ki, Ağ Evdə keçirilən mərasimdə Donald Tramp 907-ci düzəlişə son qoydu, amma hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır: “İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb və biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq”.
Bunu 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O bildirib ki, hazırda Azərbaycan ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası üzərində iş aparır. Prezident Donald Tramp hakimiyyətə gəlişindən sonra Birləşmiş Ştatlarının siyasətində köklü dəyişikliklər baş verib və bu, ümid verir ki, biz birgə bölgədə çox mühüm layihə olan Zəngəzur dəhlizi layihəsi üzərində işləyək.
“Bununla yanaşı, bir sıra bölgələrdə sülhü, sabitliyi qorumaq üçün Azərbaycanın ABŞ-la əməkdaşlığı davam edəcək. Azərbaycan sülhün tərəfdarıdır, terrora qarşı mübarizədə hər zaman ABŞ-ın tərəfdaşı olub. Sadəcə olaraq Bayden administrasiyası bunu unutdu. Əfqanıstandan qaçandan sonra Bayden ölkəmizə qarşı müəyyən sənədlərin qəbulunda rol oynayıb. Hazırda isə bu xoşagəlməz siyasət dəyişir və Azərbaycan Birləşmiş Ştatlar ilə strateji tərəfdaşlığı həm bizim bölgədə, həm Mərkəzi Asiyada həyata keçirməyə hazırdır”, - A.Mollazadə vurğulayıb.
Deputat əlavə edib ki, Azərbaycan bu gün bütün dünyada olan hərc-mərcliyə, beynəlxalq hüququn işləməməsinə, bir sıra beynəlxalq təşkilatlar, ölkələrlə bağlı korrupsiyaya dair qəbul edilən qərarlara və digər problemlərə rəğmən öz qələbəsini əldə edib. Ölkəmiz hazırda bölgənin strateji inkişafı ilə məşğuldur. Nəqliyyat, enerji sahəsində dünya üçün önəmli layihələri həyata keçirir. Azərbaycan yaşıl enerjiyə keçidi təmin etmək üçün bir sıra layihələr reallaşdırır. Bu onu göstərir ki, xalqımızın iradəsinə qarşı olan oyunların bizə heç bir təsiri olmayacaq. Azərbaycan öz bütün hədəflərinə nail olacaq və daha da güclənəcək”.
Pərvanə Sultanova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.