AZ

İranın 5 manatlıq kərə yağları – Bakıda zəhər satılır? SOS

Azərbaycanda kərə yağı bazarı uzun illərdir ki, istehlakçı narazılıqlarının əsas mövzularından biri olaraq qalır. Bahalı qiymətlər fonunda keyfiyyətə dair suallar getdikcə daha çox səslənir. Alıcılar mağaza rəflərində təqdim olunan məhsulların qiymətinin cibə ağır gəldiyini desələr də, bu məbləğin real kərə yağına uyğun olub-olmadığına əmin deyillər. Xüsusilə son dövrlər bazara müxtəlif ölkələrdən, o cümlədən İrandan gətirilən kərə yağlarının artması istehlakçılar arasında tərəddüdləri daha da gücləndirib.

Musavat.com-un əməkdaşı məsələni yerində araşdırmaq üçün bir neçə marketdə olub.

Məlum olub ki, hazırda Azərbaycan bazarında Fransa, Almaniya, Finlandiya, Türkiyə, Belarus və Rusiya istehsalı olan kərə yağları satılır. Qiymətlər isə mənşə ölkəsindən və brendindən asılı olaraq ciddi şəkildə fərqlənir. Belə ki, “Best Cow” markalı kərə yağı 27 manat 80 qəpiyə təklif olunur. Almaniya istehsalı olan “Eximo” yağının 2 kiloqramlıq qabı 79 manat 7 qəpikdir. “Anchor” yağını 24 manat 90 qəpiyə almaq mümkündür. “Doyaruşka” 21 manat 99 qəpik, “Novaya Zemlya” isə 19 manat 89 qəpiyə satılır. Belarus istehsalı olan “BelMas” yağı 22 manat 90 qəpik qiymətini qoruyub saxlayan nadir məhsullardandır.

Yerli istehsal olan kərə yağları da bahalı seqmentdədir. “Azərsüd”ün kərə yağı 22 manat 52 qəpik, “Milla”nın kərə yağları isə 23 manat 90 qəpiyə təklif olunur.

Bununla yanaşı, bazarda İrandan gətirilən məhsullar da geniş yer tutur. “Pegah” markalı İran yağı 19 manat 50 qəpik, “Zərnab” 18 manat 50 qəpik, “Dehgah” isə 16 manat 99 qəpiyə satılır. Məhz bu məhsullar ətrafında istehlakçıların şübhələri daha çoxdur.

Azərbaycanın niyə kərə yağı idxalından bu qədər asılı olması isə ayrıca sual doğurur.

AKİF.jpg

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a açıqlamasında bildirib ki, ölkənin kərə yağına olan idxal asılılığı təxminən 90 faizə çatır.

Onun sözlərinə görə, yerli istehsal iqtisadi baxımdan sərfəli deyil:

“25 litr, 3,6 faiz yağlılığa malik təzə inək südündən cəmi 1 kiloqram kərə yağı alınır. Azərbaycanda südün 1 kiloqramı 1 manat 50 qəpikdirsə, bu halda 1 kiloqram kərə yağının maya dəyəri 30 manatdan yuxarı çıxır. Ona görə də kərə yağını xaricdən idxal etmək daha ucuz başa gəlir”.

Ekspert bildirib ki, qiymət artımının əsas səbəbi təkcə idxal deyil, eyni zamanda inhisarçılıqdır. Onun sözlərinə görə, bu sahə bir neçə sahibkarın nəzarətindədir və yalnız onlar idxal hüququna malikdir:

“İdxal inhisarının olması qiymətlərin süni şəkildə artırılmasına imkan yaradır. Bir müddət əvvəl Yeni Zelandiyada kərə yağının bahalaşması bəhanə edilərək Azərbaycanda qiymətlər qaldırıldı. Halbuki apardığım araşdırma göstərdi ki, Yeni Zelandiyada əksinə, yağın qiyməti 3 faiz ucuzlaşıb. Dezinformasiya ilə Azərbaycan bazarında qiymət artımı yaratmaq mümkündür. Çünki idxal inhisardan asılıdır”.

Akif Nəsirli qeyd edib ki, İran kərə yağının ucuz olmasının səbəbi ölkədə enerji resurslarının və kənd təsərrüfatı xərclərinin aşağı olmasıdır.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarında yanacağın payı 25–40 faiz təşkil edir və İranda bu xərclər xeyli ucuzdur.

“İranda südün 1 kiloqramı təxminən 20 qəpikdir. Bu səbəbdən kərə yağının maya dəyəri 5 manata başa gəlir. Gömrük xərcləri əlavə edildikdən sonra belə, Azərbaycana 10–11 manata daxil olur. Amma bazarda bu yağlar 15–18 manata satılır. Buna görə də İran uzun illər Azərbaycanın əsas kərə yağı təchizatçısı olub”, – deyə o vurğulayıb.

Ekspert İrandan gətirilən kərə yağlarının qatqısının az olduğunu da bildirib:

“Mən özüm də İran yağı istifadə edirəm. Orijinal İran kərə yağları 200 qramlıq folqa qablaşdırmada olur. Əgər məhsul həmin qablaşdırmada deyilsə və başqa formada təqdim edilirsə, bu, şübhə doğura bilər”.

Ekspert hesab edir ki, bazarda 5–6 manata satılan məhsulun kərə yağı olması mümkün deyil:

“Əgər bu kərə yağıdırsa, 25 manata satılan məhsul nədir? Bu sahədə ciddi nəzarət olmalıdır. Müxtəlif ölkələrin adından istifadə edilərək ucuz və keyfiyyətsiz yağların satılması istehlakçıların aldadılmasıdır”.

Seçilən
90
3
editor.az

4Mənbələr