ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Vaşinqton Qrenlandiyaya ABŞ Prezidenti Donald Trampın “iri daşınmaz əmlak sazişi”nə bənzətdiyi bir razılaşma təklif etməyə hazırlaşır.
Bu barədə “The Economist” nəşri məlumat yayıb.
Söhbət ABŞ ilə Qrenlandiya arasında Azad Assosiasiya Müqaviləsinin (Compacts of Free Association – COFA) bağlanması imkanından gedir. Oxşar razılaşmalar Vaşinqtonun Sakit okean regionundakı bir sıra kiçik dövlətlərlə mövcuddur.
Bu tip müqavilələr ABŞ hərbçilərinə tərəfdaş ölkələrin ərazi suları və hava məkanına eksklüziv giriş imkanı verir və digər dövlətlərin bu hüquqlardan istifadə etməsini istisna edir. Əvəzində isə ABŞ həmin ölkələrə iqtisadi və maliyyə yardımı göstərir.
Qrenlandiya Danimarkanın muxtar ərazisi olsa da, adada artıq ABŞ-nin hərbi bazası yerləşir. Kopenhagenlə mövcud razılaşma amerikalı hərbçilərin sayına formal məhdudiyyət qoymur. Bununla belə, ABŞ hərbi kontingentinin kəskin artırılması, ehtimal ki, Danimarka hakimiyyətinin razılığını tələb edəcək.
“The Economist” yazır ki, amerikalı rəsmilər Qrenlandiya hökuməti ilə birbaşa danışıqlara başlamağa cəhd göstərsələr də, bu təşəbbüs rədd edilib. Danimarkanın Baş naziri Mette Frederiksen isə Trampın Qrenlandiya üzərində nəzarət qurmaqla bağlı açıqlamalarına ciddi yanaşılmalı olduğunu bildirib.

“Əgər ABŞ NATO üzvü olan başqa bir ölkəyə qarşı hərbi hücuma qərar versə, hər şey məhv olacaq. NATO da, İkinci Dünya müharibəsindən bəri təmin olunan təhlükəsizlik sistemi də,” – Frederiksen TV2 kanalına müsahibəsində deyib.
Qeyd olunur ki, Qrenlandiya formal olaraq NATO üzvü olmasa da, Danimarkanın alyansa üzvlüyü səbəbindən Şimali Atlantika Müqaviləsinin beşinci maddəsinin təminatları ona da şamil edilir.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ-nin Venesuela lideri Nikolas Maduronu ələ keçirməsinə də münasibət bildiib. Qeyd edib ki, Qrenlandiyanı Venesuela ilə müqayisə etmək olmaz və adanı “bir gecəyə ələ keçirmək” mümkün deyil.
Donald Tramp xüsusilə 2024-cü ilin yanvarında prezident vəzifəsinə başladıqdan sonra Qrenlandiyanın ABŞ-nin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıdığını dəfələrlə vurğulayıb. O, adanın ABŞ-nin tərkibinə daxil edilməsinin məqsədəuyğun ola biləcəyini bildirib. Tramp ilk prezidentlik dövründə də Qrenlandiyanı Danimarkadan satın almaq ideyası ilə çıxış etmişdi. Həm Qrenlandiya, həm də Danimarka hakimiyyəti isə adanın ABŞ-yə verilməyəcəyini bəyan edib.

2025-ci ilin sonlarında Tramp Luiziana ştatının qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi elçi təyin edib. Təyinatla bağlı açıqlamada adanın mümkün anneksiyasından bəhs edilməsə də, Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi üçün “açar rol” oynadığı bir daha vurğulanıb. Lendri isə sosial şəbəkə X-də Qrenlandiyanı “ABŞ-ın bir hissəsinə çevirmək istiqamətində işləməkdən məmnun olacağını” yazıb.
Rasim
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.