Bakı, 6 yanvar, Səbinə Əlizadə, AZƏRTAC
Azərbaycanın təbii qaz ixracının Avropa bölgəsində arealı son illərdə davamlı şəkildə genişlənməkdədir. Son 5 ili əhatə edən dövrdə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 50 milyard kubmetrdən artıq Azərbaycan təbii qazı ixrac olunub. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa Birliyinin Rusiya qazına qarşı tətbiq etdiyi məhdudiyyətlər bu bazarda Azərbaycan qazının strateji əhəmiyyətini daha da artırıb.
Bunu AZƏRTAC-a açıqlamasında Ankara Yıldırım Beyazıt Universitetinin Beynəlxalq İqtisadi İnteqrasiya kafedrasının əməkdaşı Kənan Aslanlı bildirib.
Ekspert qeyd edib ki, 2023–2025-ci illərdə Azərbaycan orta hesabla illik 25–26 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da təxminən yarısı Avropa ölkələrinin payına düşüb. 2025-ci ilin sonuna olan məlumatlara əsasən, 8-i Avropa Birliyinin üzvü olmaqla, ümumilikdə 14 ölkə Azərbaycan qazını idxal edir. Bu göstərici ilə Azərbaycan boru kəməri vasitəsilə dünyada ən çox ölkəyə təbii qaz ixrac edən dövlətlərdən biridir.
“2024-cü ilin sonuna olan statistikaya görə, Azərbaycan Avropa Birliyinin illik ümumi qaz idxalının 4 faizindən çoxunu təmin edib və bu göstərici ilə ənənəvi olaraq AB bazarına qaz ixrac edən Böyük Britaniya və Qətər kimi ölkələrlə qısa müddətdə eyni səviyyəyə çatıb. Xüsusən də ciddi enerji çatışmazlığı ilə üzləşən ayrı-ayrı Şərqi, Cənubi və Mərkəzi Avropa ölkələrinin enerji balansında Azərbaycan qazı kritik rol oynayır. Hazırda Bolqarıstanın ümumi qaz idxalının 55–60 faizi Azərbaycan hesabına təmin olunur”, - deyə K.Aslanlı bildirib.
Ekspert əlavə edib ki, Ukrayna üzərindən tranzit olaraq Rusiya qazını ala bilməyən Slovakiya kritik həddə çatan qaz tələbatının ödənilməsi məqsədilə 2025-ci ilin dekabr ayından etibarən Azərbaycan qazının idxalına başlayıb. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun bariz göstəricisidir.
Kenan Aslanlı bildirib ki, Avropa ölkələrinin ərazisində yeni interkonnektorların inşası, əlavə kompressor stansiyalarının yaradılması ilə TAP boru kəmərinin illik ötürücülük gücünün planlaşdırılan 20 milyard kubmetrə çatdırılması və ölkənin qaz hasilatının qarşıdakı illərdə artım dinamikasını qoruyacağına dair proqnozlar Azərbaycan qazının Avropa bazarında strateji əhəmiyyətinin daha da yüksələcəyinə ciddi əsas yaradır: “Avropa Birliyinin ümumi qaz tələbatının və təbii qaz qiymətlərinin trayektoriyasının necə dəyişəcəyi də xüsusi əhəmiyyət kəsb edir. Bu amillər təbii qaz ixrac edən ölkələrin ixrac gəlirləri və enerji diplomatiyasının effektivliyi baxımından qaz ixrac infrastrukturu və hasilat həcmləri qədər mühüm parametrlər sırasında yer alır”, - deyə ekspert vurğulayıb.