AZ

Kuba, Kolumbiya, Danimarka… ABŞ təzyiqləri və regional reaksiya- ÖZƏL 

Donald Tramp Venesuela əməliyyatından sonra ABŞ-ın "Qərb yarımkürəsində hegemonluğunu" bərpa etmək üçün radikal addımlara başlayıb. "Monro doktrinası"na istinad edən Tramp, Qrenlandiyanın ilhaqı mövzusunu yenidən gündəmə gətirərək Danimarkanın kəskin etirazı ilə üzləşib. Eyni zamanda, rəsmi Vaşinqton Kubanı Venesuela rejiminə dəstəkdə ittiham edərək hədələyib, Kolumbiya prezidenti Qustavo Petronu isə narkotrafikdə günahlandıraraq bu ölkədə də hərbi əməliyyat ehtimalına yaşıl işıq yandırıb.
Kolumbiya və Kubaya qarşı səslənən hədələr Latın Amerikasında Venesueladan daha genişmiqyaslı, regional hərbi münaqişəyə yol aça bilərmi? Trampın təhdidləri dünya ölkələrində hansı reaksiyalara səbəb ola bilər? 
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 
"Çin və Rusiyanın  Latın Amerikasında artan fəallığı və region ölkələri ilə genişlənən əməkdaşlığı ABŞ tərəfindən narahatlıqla qarşılanır. Ümumilikdə Qərb yarımkürəsi Amerikanın xüsusi maraq zonası hesab olunur. XIX əsrdə irəli sürülmüş Monro doktrinası ABŞ-ın xarici siyasətində mühüm yer tutur və bu prinsiplərin bu gün də faktiki olaraq tətbiq olunduğunun şahidi oluruq.
ABŞ öz yaxın ətrafında, ümumilikdə isə Latın Amerikasında nəinki Avropa dövlətlərinin, eyni zamanda, Çin və Rusiya kimi hegemon güclərin siyasi, iqtisadi və hərbi mövcudluğunu qəbul etmir. Xüsusilə Şimali və Cənubi Amerika yaxınlığında  Çinin mövcudluğu Vaşinqton üçün qəbuledilməzdir.
Son illərdə baş verən hadisələrdən sonra Donald Trampın Kuba, Venesuela, Kolumbiya, Meksika, İran və hətta NATO üzvü olan Danimarkaya qarşı sərt ritorikası və təhdidləri ABŞ-ın yeni, daha aqressiv xarici siyasət yanaşmasının göstəricisi kimi qiymətləndirilə bilər. Bu yanaşma qlobal miqyasda ölkələrə qarşı daha sərt və təzyiqə əsaslanan siyasətin formalaşdığını göstərir.
Bu vəziyyət Latın Amerikası üçün müəyyən siyasi və təhlükəsizlik riskləri yaradır. Genişmiqyaslı hərbi əməliyyatların ehtimalı aşağı olsa da, belə bir ssenari ABŞ üçün ciddi resurslar və beynəlxalq dəstək tələb edər. Əgər ABŞ-ın təzyiq siyasəti davamlı xarakter alarsa, Latın Amerikası ölkələri regional blok şəklində müqavimət göstərməyə, həmçinin diplomatik və iqtisadi alternativ addımlar atmağa çalışa bilərlər.
Eyni zamanda, ABŞ-ın müxtəlif regionlarda paralel şəkildə hərbi və siyasi təzyiqlər göstərməsi beynəlxalq ictimaiyyətdə və ölkə daxilində narazılığa səbəb ola bilər. Beynəlxalq hüququn effektiv işləmədiyi mövcud şəraitdə sanksiya və cəza mexanizmlərinin nə dərəcədə nəticə verəcəyi də sual altındadır.
Bu cür davranışlar Latın Amerikasında siyasi gərginliyi artırmaqla yanaşı, genişmiqyaslı münaqişə riskini də yüksəldə bilər. Dünya ölkələrinin reaksiyası bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Məsələn, ABŞ-ın Danimarkaya qarşı səsləndirdiyi iddialar və təhdidlər NATO üzvü olan Avropa ölkələrinin ciddi etirazına səbəb olub. Avropa dövlətləri Latın Amerikası məsələsində də ABŞ-a diplomatik təzyiq göstərə bilərlər.
Rusiya və Çin isə Latın Amerikası ölkələri ilə mövcud əlaqələrindən istifadə edərək ABŞ siyasətinə qarşı siyasi və iqtisadi reaksiyalar verə bilərlər. 
ABŞ-ın sərt və təhdidə əsaslanan siyasəti həm siyasi riskləri artırır, həm də ölkənin öz strateji maraqlarına zidd nəticələr doğura bilər. Yeni geosiyasi mühitdə bu yanaşma Latın Amerikası ölkələrinin Çin, Rusiya və hətta Avropa dövlətləri ilə alternativ iqtisadi və hərbi əməkdaşlıqlara yönəlməsini sürətləndirə bilər. Bu prosesin uzunmüddətli perspektivdə silahlı qarşıdurmalara çevrilməsi ehtimalı aşağı olsa da, regional və qlobal gərginliyin artması qaçılmaz görünür". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
86
olaylar.az

1Mənbələr