Məktəb dərsliklərinin elektronlaşdırılması məsələsi zaman-zaman gündəmə gəlir.
Bəs bu il ərzində dərsliklərin elektronlaşdıırlması mümkündürmü?
Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd etdi ki, məktəb dərsliklərinin elektronlaşdırılması istiqamətində işlər aparılır.
Onun sözlərinə görə, əksər dərsliklər artıq elektronlaşıb:

"Yəni hər bir şagird istənilən vaxt elektron dərslik portalından yükləyə bilər, ondan istifadə edə bilər. 2026-cı il ərzində düşünürəm ki, biz şagirdlərin fərdi kompüterlərlə təminatını və yaxud da planşetlərlə təminatını əgər həyata keçirə biləriksə, bir müddət sonra kağız daşıyıcılar olan dərsliklərdən istifadə məhdudlaşar, yalnız elektron dərsliklərdən istifadə reallaşar. Müvafiq planşetlər və yaxud da fərdi kompüterlər vasitəsilə həmin dərsliklər öyrənilər. Buna ehtiyac məsələsinə gəldikdə, düşünürəm ki, bəli, artıq dünyanın əksər ölkəsində məhz elektron dərsliklərdən istifadəyə başlanılıb, istifadə olunur. Bu həm məktəbli çantasına təsir göstərir, yəni şagirdlər ağır bir çanta daşımır. Eyni zamanda dərslikləri daha əlçatan edir və əlavə xərclərin də qarşısını alır. Nazirlik hər iki ildən bir, beş ildən bir yeni dərslik nəşr etmir. Sadəcə elektron formada şagirdlər üçün, eyni zamanda müəllimlər üçün, valideynlər üçün, hər kəs üçün əlçatan olur".
Aytəkin TOFİQQIZI