Bakı, 6 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə ölkəmizin pravoslav xristian icmasına ünvanladığı müraciət Azərbaycanın multikultural dəyərlərə, dini dözümlülük və qarşılıqlı hörmət ənənələrinə sadiqliyinin təcəssümüdür.
Bu fikri AZƏRTAC-a açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov səsləndirib.
Onun sözlərinə görə, bu müraciət ölkəmizdə dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın mənəvi dəyərlərinə, bayram və ayinlərinə hörmətin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bir daha nümayiş etdirir: “Prezident İlham Əliyevin çıxışlarında hər zaman xüsusi vurğulanan milli-mənəvi həmrəylik, müxtəlif konfessiya və xalqlar arasında etimad mühiti, humanist dəyərlərə sadiqlik Azərbaycanın multikulturalizm modelinin əsas sütunlarını təşkil edir. Ölkəmizdə yüz illərdir formalaşmış birgəyaşayış mədəniyyəti, mədəni müxtəlifliyin qorunması və təşviqi dövlət siyasəti səviyyəsində davam etdirilir. Dövlətimizin başçısının müraciətində bütün vətəndaşlara, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub inkişaf etdirmək üçün yaradılmış demokratik-hüquqi şəraitin xüsusi qeyd olunması bu siyasətin praktik nəticəsidir”.
Rəvan Həsənov qeyd edib ki, Prezidentin müraciətində xristian həmvətənlərimizin ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirakı ayrıca qiymətləndirilir. “Bu, Azərbaycanın vahid ailə kimi formalaşmış cəmiyyət modelində müxtəlif konfessiyalara mənsub insanların dövlət quruculuğu, eləcə də ölkənin tərəqqisi və çiçəklənməsi naminə səylərinin birgə töhfə kimi dəyərləndirildiyini göstərir. Xristian icmasının ölkəmizin ictimai həyatında tutduğu yer həm də multikultural mühitin canlı təzahürüdür. Milad bayramı mərhəmət, xeyirxahlıq, yenilənmə, mənəvi paklıq kimi ali dəyərləri ehtiva edir. Prezident İlham Əliyevin müraciətində bu xüsusiyyətlərin vurğulanması cəmiyyətimizdə humanist dəyərlərin, qarşılıqlı anlaşma və həmrəylik ruhunun daha da güclənməsinə xidmət edir. Bu, həm də Azərbaycan cəmiyyətinə xas olan multikultural və tolerant ənənələrin möhkəmləndirilməsi baxımından mühüm mənəvi mesaj daşıyır. Milad bayramı münasibətilə müraciət təkcə səmimi təbrik deyil, həm də ölkəmizdə multikulturalizm ideologiyasının, dinlərarası və mədəniyyətlərarası dialoq mədəniyyətinin daha da dərinləşdirilməsi üçün mühüm istiqamətverici addımdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz fəaliyyətində Prezident İlham Əliyevin müəyyən etdiyi bu strateji xəttə uyğun olaraq, Azərbaycandakı müxtəlif dini və etnik icmalar arasında qarşılıqlı hörmətin, etimadın və əməkdaşlığın gücləndirilməsi istiqamətində layihələrini davam etdirir, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycanın multikulturalizm modelini təşviq edir”, - deyə o bildirib.