Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Şərhçi qeyd edib ki, bu proses Tehranın təhlükəsizlik siyasətində sərtləşməni qaçılmaz edir. İran hakimiyyəti ənənəvi olaraq belə vəziyyətlərdə repressiv mexanizmləri genişləndirir, təhlükəsizlik qüvvələrinin bölgələrdə mövcudluğunu artırır və informasiya nəzarətini gücləndirir. Lakin bu yanaşma qısamüddətli sabitlik yaratsa da, uzunmüddətli perspektivdə narazılığı daha da dərinləşdirə bilər.
"Xarici qüvvələrin yerli etirazlara dəstək ehtimalına gəlincə, bu faktor tamamilə istisna edilə bilməz. İran daxilində baş verən proseslər regional və qlobal güclərin diqqət mərkəzindədir. Xüsusilə insan haqları və azlıqlar mövzusu beynəlxalq siyasi alətlərdən biri kimi tez-tez gündəmə gətirilir. Lakin unutmaq olmaz ki, etirazların əsas hərəkətverici qüvvəsi daxili sosial, iqtisadi və siyasi narazılıqlardır. Düşünürəm ki, xarici təsirlər bu prosesləri sürətləndirə bilər, amma onları sıfırdan yaratmır.
Kürd bölgələrində etirazların güclənməsi İran üçün təhlükəsizlik yox, idarəetmə böhranının dərinləşməsi deməkdir. Tehranın seçimi aydındır: ya yalnız güc dili ilə danışmaq, ya da siyasi dialoq və islahatlara getmək. Hansı yolun seçiləcəyi isə etirazların taleyini müəyyən edəcək əsas amil olacaq. Amma İran rejimini qarşıda ciddi sınaqlar gözləyir," - deyə, ekspert əlavə edib.
Lamiyə Cəbrayılova