“Son illər Azərbaycan qeyri-hökumət təşkilatlarının beynəlxalq platformalarda təmsilçilik səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, bu istiqamətdə mühüm addımlar atılıb və real nəticələr əldə olunub. Bu müsbət dinamikanı, ilk növbədə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin səmərəli və məqsədyönlü fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək olar”.
Bunu CASCFEN sədri, Əməkdar Jurnalist Nadir Azəri deyib. O, qeyd edib ki, əgər 10–15 il əvvəl beynəlxalq platformalarda iştirak edən QHT nümayəndələrinin yalnız az bir qismi Azərbaycanın mövqeyini müdafiə etmək və ölkəmizi layiqincə təmsil etmək məqsədi ilə fəaliyyət göstərirdisə, bu gün vəziyyət tamamilə fərqlidir:
“Hazırda demək olar ki, xarici platformalarda iştirak edən QHT rəhbərlərinin və təmsilçilərinin böyük əksəriyyəti Azərbaycanın mövqeyinin müdafiəsini, milli maraqların beynəlxalq səviyyədə təşviqini və ölkəmizin daha da irəliləməsini əsas prioritet kimi qəbul edir. Buna bariz nümunə olaraq son iki-üç il ərzində bir sıra beynəlxalq platformaların yaradılması təşəbbüslərinin məhz Azərbaycan QHT-ləri tərəfindən irəli sürülməsini qeyd edə bilərik. Bu fakt açıq şəkildə göstərir ki, Azərbaycan QHT-ləri artıq beynəlxalq müstəvidə sadəcə müşahidəçi deyil, aparıcı və təşəbbüskar subyektlərə çevrilmişdir. Son dövrdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərini birləşdirən platformanın məhz Azərbaycanın təşəbbüsü və evsahibliyi ilə yaradılması da bu prosesin mühüm göstəricisidir. Əminliklə demək olar ki, bu müsbət tendensiya gələcəkdə yeni və daha böyük uğurlarla davam edəcəkdir”.
CASCFEN sədri bununla yanaşı, bəzi təkliflər də səsləndirib:
“Hesab edirəm ki, Azərbaycan QHT-lərin beynəlxalq mövqelərinin daha da gücləndirilməsi üçün atılmalı olan əsas addımlardan biri ixtisaslaşmanın dərinləşdirilməsidir. Yəni eyni QHT-nin paralel şəkildə çoxsaylı və bir-birindən fərqli beynəlxalq platformalarda fəaliyyət göstərməsi onun fəaliyyət səmərəliliyini azalda bilər. Daha məqsədəuyğun olardı ki, beynəlxlaq əməkdaşlığı prioritet hesab edən QHT-lər fəaliyyət istiqamətlərinə görə öncədən ixtisaslaşsınlar. Daha da açıq desək, Türk dünyası üzrə fəaliyyət göstərən QHT-lərlə Avropa platformalarında çalışan QHT-lər, eləcə də insan hüquqları, ana və uşaq məsələləri, sosial problemlər və ya beynəlxalq siyasət mövzularında çalışan təşkilatlar aydın şəkildə fərqləndirilsin. Düşünürəm ki, düzgün ixtisaslaşma ümumi işin xeyrinə xidmət edər”.
N.Azəri başqa bir təklif də səsləndirib:
“Digər mühüm məsələ isə son dövrlər tez-tez səsləndirilən “QHT-lərdə xarici dilli şəxslər azdır, yaxud yoxdur” şəklində tənqidi fikirlərlə bağlıdır. Hesab edirəm ki, bundan da çıxış yolu var. Məsələn, QHT-lərə dövlət dəstəyi mexanizmləri çərçivəsində mobil teleoperatorlar, ixtisaslaşmış dil tədris mərkəzləri və ya səfirliklərlə əməkdaşlıq qurularaq QHT rəhbərləri və üzvlər üçün 3 və ya 6 aylıq ingilis, alman, çin və digər xarici dil kurslarının təşkili mümkün ola bilər. Bu, QHT-lərin dil potensialının güclənməsinə, gələcəkdə isə daha çox Azərbaycan QHT nümayəndəsinin beynəlxalq platformalarda xarici auditoriya ilə birbaşa və onların öz dillərində ünsiyyət qurmasına şərait yarada bilər”.