AZ

2026-cı ildə qarşıda duran əsas vəzifələr bir daha ortaya qoyuldu - Deputat

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə bir sıra mühüm məqamlara toxundu. Müsahibə zamanı dövlət başçısı ötən ilin yekunları, təhlükəsizlik və siyasi məsələlər, regional və beynəlxalq əlaqələr, məmurların fəaliyyəti, eləcə də ölkədə baş verən əsas proseslər barədə geniş və əhatəli qiymətləndirmə apardı".

Bunu Hafta.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.

Deputat qeyd edib ki, ən ciddi məqamlardan biri prezidentin sülh dövrü və təhlükəsizlik reallıqlarını izah etməsi, bu mövzuda mühüm bəyanatlarla çıxış etməsidir:

"Xüsusilə vurğulayıb ki, 2025-ci ildə Ermənistanla münasibətlərdə münaqişənin siyasi mərhələsinin başa çatması əsas hədəflərdən biridir. Uzun illərdən sonra sülh şəraitində yaşamağın vacibliyi bir daha diqqətə çatdırılıb. Bununla yanaşı, qeyd edilib ki, sülh dövrü təhlükəsiz və sabit gələcək üçün yeni çağırışlar yaradır və bu çağırışlara cavab vermək məqsədilə ordu və digər təhlükəsizlik strukturlarının gücləndirilməsi zəruridir. Prezident bildirdi ki, bir tərəfdən sülhün davamını istəyiriksə, digər tərəfdən sabitliyin qorunması üçün müdafiə qabiliyyətinin möhkəmləndirilməsi əsas prioritet olaraq qalmalıdır. Bu baxımdan Vaşinqtonda keçirilən görüşün xüsusi əhəmiyyəti vurğulanıb, Amerika Birləşmiş Ştatları kimi güclü bir dövlətin proseslərdə zəmanətçi qismində çıxış etməsinin mühüm siyasi addım olduğu qeyd edilib".

Deputat qeyd edib ki, müsahibədə müdafiə sənayesi və ordu quruculuğu məsələlərinə də geniş yer ayrılıb. Dövlət başçısı son beş ildə ordu quruculuğu sahəsində əldə olunan nailiyyətləri, görülən işləri və qarşıda duran vəzifələri xatırlatmış, bu sahədə arxayınlaşmağın yolverilməz olduğunu xüsusi vurğuladı:

"Ordunun müasir, çevik və qabaqcadan təchiz olunmuş qüvvə kimi formalaşdırılmasının vacibliyi qeyd edilib, müasir silah və texnikaların, eləcə də onlardan istifadə edən peşəkar milli kadr potensialının yetişdirilməsinin əhəmiyyəti ön plana çəkilib.

Eyni zamanda hüquq-mühafizə və xüsusi xidmət orqanlarının fəaliyyəti yüksək qiymətləndirilmiş, bu sahədə görülən işlərin davamlı şəkildə təkmilləşdirilməsinin vacibliyi bildirilmişdir. Qeyd edilmişdir ki, ordu və təhlükəsizlik sistemi yalnız Vətən müharibəsindən sonra deyil, daim inkişaf etməli və gücləndirilməlidir".

A.Nağıyev vurğulayıb ki, Prezident beynəlxalq münasibətlərdə mövcud reallıqlara da toxunaraq qeyd etdi ki, müasir dünyada beynəlxalq hüquq çox zaman kağız üzərində qalır və güc faktoru həlledici rol oynayır:

"Bu reallığı nəzərə alaraq Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün ilk növbədə öz gücünə arxalanmasının zəruriliyi vurğulanmışdır. Regional rolun gücləndirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, BMT, Avropa Birliyi və digər qurumlarla əməkdaşlığın əhəmiyyəti qeyd edilmişdir.

Bu baxımdan Prezidentin müsahibəsi həm daxili auditoriyaya, həm qonşu ölkələrə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış açıq mesaj kimi dəyərləndirilə bilər: sabitlik və sülh güclü təhlükəsizlik və müdafiə imkanları ilə təmin olunmalıdır. Bu yanaşma dövlət büdcəsində də öz əksini tapmış, xərclərin 21 faizinin müdafiə və təhlükəsizlik sahəsinə yönəldilməsi bunun bariz nümunəsi kimi göstərilmişdir.

Regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri də xüsusi vurğulanmışdır. Türk dövlətləri ilə birgə hərbi təlimlərin əhəmiyyəti qeyd edilərək, bunun yalnız hərbi bacarıqların artırılması deyil, eyni zamanda regionda sabit və etibarlı güc balansının formalaşdırılmasına xidmət etdiyi bildirilmişdir. Bu, Azərbaycanın təkcə daxili güclənməsi deyil, strateji tərəfdaşlarla birlikdə regional təsir imkanlarının genişləndirilməsi məqsədini daşıyır.

Xarici siyasət sahəsində atılan addımlar, Xarici İşlər Nazirliyi və diaspora təşkilatlarının fəaliyyəti də diqqətə çatdırılmış, ABŞ və digər aparıcı dövlətlərlə münasibətlərin regional təhlükəsizliyə verdiyi töhfə xüsusi vurğulanmışdır. Bütün bu addımlar Azərbaycanın təhlükəsizlik arxitekturasının formalaşdırılmasına, güc mərkəzləri ilə balanslaşdırılmış siyasətin aparılmasına xidmət edir.

Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətləri kimi ərazi bütövlüyünün və suverenliyin qorunması, hər bir Azərbaycan vətəndaşının, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların rifahının təmin edilməsi göstərilmişdir. Müsahibədə dil məsələsinə də toxunulmuş, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan dilinin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğu xüsusi qeyd edilmişdir.

Ümumilikdə, bu müsahibə təhlükəsizliyin prioritet olaraq qalması, sülh və güclü müdafiə arasında tarazlığın qorunması, beynəlxalq münasibətlərə realist yanaşma, regional hərbi əməkdaşlıq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi kimi əsas mesajları özündə ehtiva edir. Eyni zamanda məmurların fəaliyyətinə dair məsuliyyət və etimad məsələlərinə toxunulmaqla, 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran əsas vəzifələr bir daha aydın şəkildə ortaya qoyulmuşdur".

Tahirə Qafarlı

Seçilən
56
hafta.az

1Mənbələr