
Münasibətlərdə yaş fərqi uzun illərdir müzakirə olunan və fərqli fikirlərin formalaşdığı mövzulardandır. Bəziləri düşünür ki, sevgi yaş tanımır, digərləri isə yaş fərqinin zamanla problemlərə yol aça biləcəyini iddia edir. Cəmiyyətin formalaşdırdığı baxışlar, ailə təzyiqi və şəxsi gözləntilər bu mövzuda fərqli stereotiplərin meydana gəlməsinə gətirib çıxarır.
Mövzu ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Missiya.Az-a danışıb.
"Münasibətlərdə yaş fərqindən qaynaqlanan problemlər həm cəmiyyətin stereotipləri (qadın yaşlı olanda qınanması), həm də tərəflərin həyat mərhələlərinin fərqli olması (fərqli prioritetlər, enerji, məqsədlər) ilə əlaqədardır; əslində bu iki amil bir-birini gücləndirir, lakin cəmiyyətin ikili standartları (kişiyə normal, qadına qəbul edilməz) problemi daha da böyüdür, halbuki əsas məsələ yaş yox, qarşılıqlı anlaşma olmalıdır. Milli mentalitet və stereotiplərlə tənzimlənən ənənəvi sosial mühitlər – kənd, qəsəbə, müəyyən dövrlərdə isə şəhər (məhəllələr qismində) həyatı üçün daha çox aktual olan yuxarıdakı adət və ənənələr kommunikasiya imkanlarının genişlənməsi, şəhrələşmə və sənayeləşmə prosesləri kontekstində öz təsir gücünü itirməkdədir",-sosioloq qeyd edib.
Fariz Əkbərin sözlərinə görə, ilk baxışda sadə görünən "yaş" anlayışı əslində geniş və mürəkkəb məfhumdur. Yaş insanın ömür tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasmı ifadə edən bir anlayışdır. Sosial yaş isə insanın cəmiyyətdə tutduğu mövqeyə istinadən fərdin şəxsiyyətə çevrilməsi, başqa sözlə, şəxsiyyətin formalaşması və inkişafını sosial cəhətdən şərtləndirən həyat yolu, insanın qrupdakı mövqeyi, cəmiyyətdəki fəaliyyəti ilə bağlıdır. Yaş fərqi şəraitdən, tərəf müqabillərinin dünya görüşündən, psixoloji, fizioloji yetkinliyindən, sağlamlığından, sosial statusundan asılı olaraq onların münasibətlərinə həm müsbət, həm də mənfi təsir edə bilər. İstənilən halda müəyyən yaş fərqi hisslərə, düşüncələrə, ailə qurub birgə yaşamaq arzusuna mane olmursa, bunu müsbət hal kimi dəyərləndirmək gərəkdir: "Ola bilər ki, kimsə öz həmyaşıdı ilə ailə qursun, amma xoşbəxtliyini tapa bilməsin. Bu həm xanımlara, həm də bəylərə aiddir. Bunun əksi də mümkündür, istisna deyil. Arada müəyyən yaş fərqinin olmasına baxmayaraq, hər iki şəxs bir-birini anlayır, tamamlayırsa, ortada ciddi, saf, səmimi bir sevgi, bağlılıq varsa, bu artıq həmin şəxslərin psixofizioloji cəhətdən uyğunluğunu, yaxınlığını göstərir.
"Çox zaman insanlar münasibətə girərkən fərdlər arasındakı yaş fərqinin bir-birinə yaxın olmasına çalışırlar. Belə hesab edilir ki, fərdlər əvvəlcə münasibətə girdikləri zamanı gözlərini sevgi "kor" etdiyi üçün gələcəkdə yaşanıla biləcək problemləri nəzərə almırlar. Lakin zamanla o həyəcan keçdiyi və problemlər özünü göstərdiyi üçün münasibətlər soyumağa başlayır. Cütlüklərin həyat dəyərlərinin, psixoloji sağlamlığının ailə həyatı qurulduqdan sonra xoşbəxt olması həm onların öz sağlamlığına və həm də cəmiyyətin sağlamlığına təsir göstərir. Halbuki, çox zaman müşahidə edirik ki, erkən yaşlarında ailə həyatı quran cütlüklər boşanmalara və psixoloji sarsıntılara məruz qalmış olurlar. Qadın və kişi arasında yaş fərqi ən az 5, ən çox 10 yaş olmalıdır. Aralarında 15-20 yaş olan insanlar ayrı dövrlərdə, ayrı mədəniyyətlərdə yaşadıqları, həyat tərzləri fərqli olduğu üçün ailədə övlad doğulduqdan sonra problemlər yaşanılmağa başlanılır. Çünki hər kəs uşağı öz tərbiyəsi ilə böyütməyə çalışır. Düşüncə fərqləri olur. Məsələn, 70 yaşlı bir kişi ölüm haqqında düşünməyə başladığı halda 55 yaşlı qadın hələ özünü cavan hiss edir və ya 50 yaşında bir kişi evində sakit bir həyat arzulayarkən 35 yaşlı qadın əylənmək, gəzmək barədə düşünür",-Fariz Əkbərov əlavə edib.
İlahə QənbərliMissiya.Az