ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Ən çox vaxt keçirdiyimiz beş insanın ortalamasına çevrilirik — bu fikir motivasiya dünyasında tez-tez səslənir. Araşdırmalar göstərir ki, insan sosial mühitindən, onun münasibətlərindən və ətrafındakı insanların düşüncə və davranış modellərindən güclü şəkildə təsirlənir. Bu səbəbdən kimlərlə vaxt keçirdiyimiz həyat tərzimizə, qərarlarımıza və dünyagörüşümüzə birbaşa təsir edir.Ətrafımızdakı insanların bizə psixoloji təsiri nə dərəcədə güclüdür?Özünü inkişaf etdirmək istəyən biri üçün sağlam sosial çevrə necə qurulmalıdır?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına psixoterapevt Məleykə İsmayılova bildirib ki, bu, neyroelmi baxımdan sübut olunmuş bir həqiqətdir.
Məleykə İsmayılova
“İnsan ən çox vaxt keçirdiyi beş nəfərin ortalamasına çevrilir. Bunun səbəbi beynimizdəki “aynalanma neyronları”dır. Bu neyronlar başqalarının davranışlarını müşahidə edərək onları təqlid etməyə proqramlaşdırılıb. Eyni mühiti uzun müddət bölüşmək, eyni evdə yaşamaq zamanla insanın qarşısındakı şəxsə bənzəməsinə səbəb olur. Bu səbəbdən düzgün mühit, doğru çevrə seçmək həyati əhəmiyyət daşıyır. Çünki sonda biz ətrafımızdakılardan ibarət oluruq. İnsan niyə kiminsə ilə ünsiyyət qurur? Çünki aralarında ortaq maraqlar var. Maraqlar eynidirsə, demək ki, intellektual səviyyə, düşüncə tərzi və dünyagörüşü də oxşardır.
Əgər biri daim kitab oxuyan, faktlara və aforizmlərə istinad edən insanlarla əhatə olunursa, o da tədricən kitaba maraq göstərməyə başlayır. Əksinə, bir insan pis vərdişləri olan biri ilə uzun müddət vaxt keçirirsə, bu da ona təsir edir. Xüsusilə də təhsilli birinin daim təhsilsiz biri ilə ünsiyyətdə olması, bir müddət sonra onun səviyyəsinə enməsinə səbəb ola bilər. Təəssüf ki, bu cür hallarda təsirə məruz qalan tərəf daha çox müsbət yox, mənfi dəyişiklik yaşayır.
Çevrəni seçmək şəxsi məsələdir. Hər kəsin "doğru"su fərqlidir. Bəzən kiməsə uyğun olmayan sosial qrup, başqa biri üçün ideal mühit ola bilər. Elə xalq arasında deyilən "Atı atın yanına bağlayanda həmrəng olmasa da, həmxasiyyət olar" misalı da bunu göstərir. İnsan davranış baxımından qarşısındakını təkrarlamağa meyllidir.
Əgər bir insan iş qurmaq istəyirsə, onu dəstəkləyən və bu istiqamətdə düşünən insanlarla birlikdə olmalıdır. Bu halda tərəqqi mümkündür. Əgər əksinə ətrafındakılar onu daim qorxudursa, tənqid edirsə, o zaman geriləmək qaçılmazdır. İnsan həm mənəvi, həm də intellektual baxımdan itirməyə, uduzmağa başlayır. Bu səbəbdən də kimlə oturub-durduğumuza və onlardan bizə hansı təsirlərin keçdiyinə diqqət etməliyik”-deyə psixoterapevt Məleykə İsmayılova qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.