ABŞ-nin Massachusetts ştatında qrip virusunun sürətlə yayılması ciddi narahatlıq doğurur. Ştatın Səhiyyə Departamentinin məlumatına görə, cari qrip mövsümündə artıq 3 uşaq qripə bağlı ağırlaşmalar nəticəsində həyatını itirib.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Massachusetts ərazisində qrip aktivliyi “çox yüksək” səviyyədə qiymətləndirilir. Xəstəxanalar və təcili tibbi yardım şöbələrinə müraciətlərin sayı kəskin artıb. Son həftələrdə gündə minlərlə insan respirator simptomlarla tibbi yardıma müraciət edir.
Səhiyyə rəsmilərinin açıqlamasına əsasən, bu mövsüm ərzində qrip səbəbindən 29 yetkin şəxsin ölümü də təsdiqlənib. Eyni zamanda, iki mümkün COVID-19 və bir RSV virusu ilə əlaqəli uşaq ölümü hazırda araşdırılır.
Massachusetts Səhiyyə Komissarı Dr. Robbie Goldstein bildirib ki, qrip və digər respirator viruslar xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır. O, valideynləri diqqətli olmağa və uşaqlarda qrip əlamətləri müşahidə edildikdə dərhal həkimə müraciət etməyə çağırıb.
Mütəxəssislər vurğulayırlar ki, qripə qarşı peyvənd hələ də ən effektiv qoruyucu vasitədir və 6 ay və daha yuxarı yaşda olan hər kəsə peyvənd olunmaq tövsiyə edilir.
Hazırda ştat üzrə səhiyyə orqanları əhaliyə gigiyena qaydalarına riayət etməyi, xəstə olduqda evdə qalmağı və risk qrupunda olan şəxslərin qorunmasını tövsiyə edir.
Zeynəb Tehranlı