AZ

Zəngəzur yoxsa Araz dəhlizi - Azərbaycan üçün prioritet yol hansıdır?

Prezidentin yerli televiziya kanallarına müsahibəsində Naxçıvanın Azərbaycanla həm Zəngəzur dəhlizi, həm də İran üzərindən alternativ marşrut vasitəsilə əlaqələndiriləcəyini bildirib.

Bu şəraitdə əsas məsələ iki marşrutun funksional mahiyyətindəki fərqlərin, sərhəd keçidləri və gömrük mexanizmləri baxımından tətbiq edilə biləcək yanaşmaların, eləcə də alternativ dəhlizin mövcudluğunun Azərbaycanın iqtisadi təhlükəsizliyi, tranzit imkanları və regional mövqeyi üçün yaratdığı əlavə strateji üstünlüklərin necə formalaşmasıdır. 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki,  Araz çayı üzərində, Ağbənd qəsəbəsi istiqamətində inşa edilən körpü gələcəkdə iki strateji yolun, - həm Qərb, həm də Cənub istiqamətlərində uzanacaq yolların infrastruktur əsasını təşkil edəcək.

Bu yol Araz dəhlizi adlandırılacaq:

“Bunlardan biri Zəngəzur dəhlizi olacaq. Artıq Azərbaycanın öz ərazisində bütün infrastruktur işləri tamamlanıb. İndi məsələ Ermənistan üzərindən keçəcək hissənin reallaşması ilə bağlıdır. Digər yol isə Araz dəhlizi adlandırılacaq və bu dəhliz İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək alternativ quru yol olacaq.

Cənab Prezidentin vurğuladığı kimi, bu dəhlizlərin real təşəbbüskarı Azərbaycan olub və bu layihələr ölkə vəsaiti hesabına həyata keçirilir. Nəzərdə tutulur ki, İran üzərindən keçən Araz dəhlizi olduqda Azərbaycanla Naxçıvanı birləşdirən yol daha da asanlaşacaq. Araz dəhlizinin uzunluğu təxminən 50 kilometr olacaq və bu, məsafəni əhəmiyyətli dərəcədə qısaldacaq”.

Deputat vurğulayıb ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki paralel quru yolun olması, Naxçıvanın inkişafına, əhalinin və turistlərin sərbəst gediş-gəlişinə böyük töhfə verəcək. Hazırda Naxçıvana əsasən hava nəqliyyatı ilə səfərlər edilir. Yeni dəhlizlərin açılması bu vəziyyəti dəyişəcək.

Naxçıvan Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid regional inkişaf zonası olacaq:

“Digər vacib məqam isə budur ki, gələcək baxışda Naxçıvan təkcə ayrıca bir bölgə kimi yox, Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid regional inkişaf zonası kimi nəzərdən keçiriləcək. Vaxtilə Zəngəzur mahalı adlanan ərazi bu bölgəni əhatə edirdi. Hazırda da bu konseptual yanaşma ilə bölgənin inkişafı planlaşdırılır.

Naxçıvanda baş plan hazırlanır, şəhərlər və kəndlər üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Burada yaşıl enerji, kənd təsərrüfatı, su ehtiyatlarından səmərəli istifadə kimi istiqamətlər prioritetdir. Eyni zamanda turizm potensialı da inkişaf etdirilir və bu sahədə Qarabağ və Şərqi Zəngəzurla inteqrasiya nəzərdə tutulur”.

Rövşən Muradov Zəngəzur dəhlizindən fərqli olaraq bu dəhlizin daha da ciddi qorunacağını qeyd edib:
“Hesab edirəm ki, sərhədlər olacaq və sərhədçilərimiz həmişə olduğu kimi bu əraziləri qoruyacaqlar. Xüsusilə bu zonalarda daha ciddi sərhəd nəzarəti tətbiq olunacaq. Gömrük məsələsi isə ölkələrarası münasibətlərdən asılı olacaq. Yəni, qarşılıqlı iqtisadi əlaqələrin səviyyəsinə uyğun olaraq, gömrük rejimi formalaşdırılacaq”.

“Bu layihələrin nəticəsində Naxçıvandan Türkiyəyə birbaşa dəmir yolu da çəkiləcək və bununla da Naxçıvanın həm Türkiyə, həm də Azərbaycanın əsas hissəsi ilə nəqliyyat bağlantısı tam təmin olunacaq. Bu regionun iqtisadi və strateji mövqeyini daha da möhkəmləndirəcək. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu nəqliyyat dəhlizlərinin qurulması həm Naxçıvanın, həm də bütövlükdə ölkənin inkişafına xidmət edəcək” – sonda o qeyd edib.

Deputat Əli Məsimli isə qeyd edib ki, İran üzərindən keçən paralel dəhlizin də işlək vəziyyətdə olması, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionumuzda yaratdığı yeni situasiya, regionda maraqların konfliktindən maraqların uzlaşmasına keçid, Zəngəzur dəhlizi ilə müqayisədə rəqabətqabiliyyətli olmasa da, alternativ bir marşrut olması, əlavə tranzit imkanı, regional kommunikasiya və sair bu kimi məqamlar baxımından hər halda ümumi işin xeyrinə olacaq.
 

Seçilən
45
1
modern.az

2Mənbələr