Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenski və onun ətrafına yönəlik sərt bəyanatla çıxış edib.
NOCOMMENT.az xəbər verir ki, Kadırov bildirib ki, müvafiq göstəriş verilərsə, Zelenski və onun tərəfdarları ABŞ-yə aparılan Venesuela lideri Nikolas Madurodan da daha qısa müddətdə Qroznıya gətirilə bilər.
Kadırovun sözlərinə görə, məsələ siyasi iradə və əmrlə bağlıdır: “Əgər göstəriş verilərsə, Zelenski və onun tərəfdarları Madurodan da tez Qroznıda olar”.
Bu açıqlamanın real icra imkanları, beynəlxalq hüquq və dövlət suverenliyi baxımından hüquqi nəticələri, Kremlin–Kadırov münasibətləri kontekstində siyasi mesajı, eləcə də Rusiya–Ukrayna müharibəsinin gedişinə və beynəlxalq reaksiyalara mümkün təsiri nədir?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Şəkərli qeyd edib ki, Çeçenistan rəhbəri açıqlamasında konkret detallara toxunmasa da, bəyanat Ukrayna müharibəsi fonunda Rusiya daxilində səsləndirilən ən sərt ritorikalardan biri kimi dəyərləndirilməlidir:
“Kadırovun bu çıxışı həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş psixoloji təzyiq elementi daşıyır. Rəsmi Kiyev hələlik Kadırovun açıqlamasına münasibət bildirməyib. Beynəlxalq hüquq və diplomatik normalar baxımından isə bu cür bəyanatların gərginliyi daha da artırdığı vurğulanır. Çeçenistan rəhbəri bu sözləri ilə Rusiya güc strukturlarının potensialını və verilən tapşırıqları istənilən an yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirmək istəyib. Amma o unudur ku, Putinin və Rusiyanın belə bir imkanı olsaydı, çoxdan gerçəkləşdirərdi. Ona görə xalqı arasında nifrət qazanan çeçen liderinin bu bəyanatı həm gülüncdür, həm də özünü Putindən üstün təqdim etmək aktyorluğudur”.
Tunar