AZ

Zülfiyyə Nuriyeva: "Sosial islahatların mərkəzində Azərbaycan vətəndaşı dayanır"

"Cənab Prezidentin dünən yerli telekanallara verdiyi müsahibədə də bildirildi ki, Azərbaycan hazırda dinamik inkişaf dövrünü yaşayır və bu inkişaf hər bir sahədə özünü aydın şəkildə göstərir. Ən vacib məqamlardan biri isə vətəndaş yönümlü proqramların həyata keçirilməsidir. Bu proqramlar arasında xüsusilə Beşinci Sosial İslahat Paketinin qəbul edilməsi önəmli yer tutur. Sözügedən islahat paketləri çərçivəsində son 20 il ərzində minimum əməkhaqqı 40 dəfədən çox artırılıb, əməkhaqları, ünvanlı dövlət sosial yardımı, eləcə də pensiya və təqaüdlər mütəmadi olaraq yüksəldilib".

Bu sözləri Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Cənab Prezidentin rəhbərliyi ilə son 7 il ərzində 5 sosial islahat paketi icra edilib, bu islahatlar təxminən 4 milyon vətəndaşı əhatə edib və ümumilikdə 8 milyard manata yaxın vəsait sosial sahəyə yönəldilib. Təkcə ötən il bu məqsədlər üçün 1,4 milyard manat dövlət büdcəsindən ayrılıb. Bu faktlar onu göstərir ki, Azərbaycan Prezidenti hər zaman öz vətəndaşına böyük önəm və diqqət ayırır və bunu bütün məmurlardan da qətiyyətlə tələb edir:

"Cənab Prezident çıxışlarında ictimai qınağın və ictimai nəzarətin xüsusi əhəmiyyət daşıdığını daim vurğulayır. O, müsahibəsində də açıq şəkildə bildirdi ki, verdiyi bütün qərarlar Azərbaycan vətəndaşının ictimai nəzarəti nəticəsində formalaşır. Məhz bu yanaşma nəticəsində sosial sahədə mövcud olan ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizmlər tətbiq olunur və vətəndaş rifahının yüksəldilməsi əsas prioritetə çevrilir. Bu qarşılıqlı etimadın real nəticələri konkret rəqəmlərdə də öz əksini tapır. Belə ki, son illərdə 16 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillə təmin edilib, 500-dən çox müharibə əlili ən müasir protezlərlə təmin olunaraq normal həyata qayıdıb. Bununla yanaşı, 100 mindən çox vətəndaş özünüməşğulluq proqramı çərçivəsində dəstəklənib".

QHT sədri həmçinin bildirib ki, bu isə Azərbaycan vətəndaşı üçün böyük fəxarətdir. Çünki Azərbaycan Prezidenti hər zaman öz xalqına güvənir, xalq da öz Prezidentinə etimad göstərir. Bu qarşılıqlı güvən və birlik 44 günlük Vətən müharibəsi dövründə, eləcə də ölkəmizin ümumi inkişaf prosesində xalq–iqtidar birliyinin ən bariz və möhtəşəm nümunəsidir.

 

Pərvanə Fərhadqızı

Seçilən
61
qht.az

1Mənbələr