Prezident İlham Əliyevin jurnalistlərə verdiyi son müsahibə regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda diqqətlə izlənilir. Dövlət başçısının çıxışında post-münaqişə dövrünün əsas prioritetləri, təhlükəsizlik yanaşmaları və Azərbaycanın regional siyasətdə tutduğu mövqe aydın şəkildə ifadə olunub. Sülh təşəbbüsləri ilə yanaşı, hərbi-siyasi çəkindirmə mexanizmlərinin qorunmasının vacibliyi də vurğulanıb ki, bu da Bakının balanslaşdırılmış strategiyasını ortaya qoyur. Müsahibə eyni zamanda Ermənistanla münasibətlərin gələcək perspektivləri və beynəlxalq aktorların Cənubi Qafqazdakı rolunun necə formalaşa biləcəyi ilə bağlı mühüm mesajlar ehtiva edir. Bu açıqlamalar fonunda regionda davamlı sülhün nə dərəcədə real olduğu və Azərbaycanın qarşısında dayanan siyasi risklər və imkanlar yenidən müzakirə mövzusuna çevrilib.
Siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlər Cənubi Qafqazın gələcək siyasi konfiqurasiyasını müəyyən edən strateji məzmun daşıyır.

Onun sözlərinə görə, dövlət başçısı bu müsahibə ilə Azərbaycanın post-münaqişə dövründə yalnız milli maraqlara deyil, eyni zamanda regional sabitliyə və beynəlxalq təhlükəsizlik sisteminə məsuliyyətli yanaşma sərgilədiyini bir daha nümayiş etdirib:
“Sülh gündəliyinin ön plana çəkilməsi Azərbaycanın müharibədən sonra konstruktiv mövqe tutduğunu və qarşı tərəfi dialoqa dəvət etdiyini göstərir. Bununla yanaşı, hərbi gücün çəkindirici faktor kimi saxlanılması barədə səsləndirilən fikirlər balanslı siyasətin təzahürüdür: Azərbaycan sülhə hazırdır, lakin öz təhlükəsizliyini təmin etmək gücünü də qoruyur. Bu yanaşma ölkənin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini gücləndirir”.
Tural İsmayılov qeyd edib ki, Azərbaycanın mövcud geosiyasi şəraitdə həyata keçirdiyi siyasət regional balanslara əhəmiyyətli təsir göstərir: “Enerji layihələri, beynəlxalq nəqliyyat dəhlizləri və fəal diplomatik təşəbbüslər ölkəni Cənubi Qafqazda aparıcı aktora çevirib. Ermənistanla münasibətlərin gələcək inkişafı isə birbaşa olaraq İrəvanın Azərbaycanın sülh çağırışlarına necə cavab verməsindən asılıdır. Əgər qarşı tərəf destruktiv yanaşmadan imtina edərsə, regionda uzunmüddətli sabitliyin formalaşması mümkündür.
Beynəlxalq aktorların mövqeyi də prosesə təsir edən əsas amillərdən biridir. Azərbaycan müstəqil siyasəti ilə sübut edir ki, heç bir xarici gücün diktəsi ilə hərəkət etmir, lakin qarşılıqlı hörmət və maraqlar əsasında əməkdaşlığa açıqdır”.
Post-münaqişə mərhələsində müəyyən siyasi risklərin mövcud olduğunu vurğulayan Tural İsmayılov bildirib ki, Ermənistan daxilində revanşist qüvvələrin fəallığı, bəzi xarici lobbilərin təzyiqləri və Qərbin ikili standartlara əsaslanan yanaşması bu risklər sırasındadır:”Bununla yanaşı, imkanlar daha genişdir: Azərbaycanın dayanıqlı iqtisadiyyatı, zəngin enerji resursları, strateji tərəfdaşlıqları və artan diplomatik nüfuzu ölkənin beynəlxalq mövqelərini daha da gücləndirir.
Prezident İlham Əliyevin açıqlamaları bir daha göstərir ki, Azərbaycan artıq təkcə regional deyil, beynəlxalq səviyyədə də söz sahibi olan dövlətdir. Güclü və müstəqil Azərbaycanın mövcudluğu regionda sabitliyin əsas dayaqlarından biridir və bu liderlik uzunmüddətli sülhün formalaşması üçün real zəmin yaradır. Azərbaycanın qlobal mövqeyi siyasi uzaqgörənlik və milli maraqların qətiyyətlə qorunması üzərində qurulub ki, bu da gələcəkdə regionun inkişaf istiqamətlərini müəyyən edəcək əsas amillərdəndir”.
//Gülnarə Abasova, Editor.az