Buxarest, 6 yanvar, AZƏRTAC
Rumıniyada beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə ekspert Yulian Kifu 2026-cı ildə qlobal siyasi və təhlükəsizlik sisteminə ciddi təsir göstərə biləcək 10 əsas münaqişə və gərginlik ocağını geniş təhlil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ekspert Rumıniyanın nüfuzlu “Calea Europeana” nəşrində geniş məqalə ilə çıxış edib.
Onun qənaətinə görə, bu qarşıdurmalar ayrı-ayrı regionlarla məhdudlaşmır və beynəlxalq nizamın gələcəyini müəyyənləşdirən əsas amillərdən birinə çevrilir.
Birincisi Rusiya ilə Ukrayna arasındakı müharibədir. Yulian Kifu bildirir ki, bu münaqişə artıq Avropanın təhlükəsizlik arxitekturasını kökündən dəyişib və 2026-cı ildə də siyasi, hərbi və iqtisadi nəticələri ilə qlobal gündəmdə qalacaq. Müharibənin uzanması NATO, Avropa İttifaqı və Rusiya arasında münasibətlərin daha da sərtləşməsinə səbəb ola bilər.
İkinci əsas gərginlik Yaxın Şərqdə, xüsusilə İran və İsrail arasında formalaşan qarşıdurmadır. Ekspert vurğulayır ki, bu xətt üzrə birbaşa və ya dolayı toqquşmalar bütün regionu əhatə edən genişmiqyaslı böhran riskini artırır və enerji bazarlarından tutmuş beynəlxalq təhlükəsizlik balansına qədər ciddi təsir göstərir.
Üçüncüsü Amerika Birləşmiş Ştatlarının Venesuela ətrafında apardığı siyasət və Latın Amerikasında yaranan yeni gərginliklərdir. Yulian Kifunun fikrincə, bu istiqamətdə atılan addımlar yalnız regional deyil, qlobal miqyasda siyasi qarşıdurmalar və iqtisadi qeyri-sabitlik yarada bilər.
Dördüncüsü Sudanda davam edən silahlı münaqişə və dərin humanitar böhrandır. Analitik qeyd edir ki, Afrika qitəsində bu cür uzunmüddətli müharibələr beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalsa da, miqrasiya, aclıq və təhlükəsizlik baxımından qlobal risklər doğurur.
Beşincisi Qəzza və İsrail-Fələstin xəttində davam edən müharibədir. Yulian Kifu hesab edir ki, bu qarşıdurma təkcə regional problem deyil, eyni zamanda, Yaxın Şərqdə güclər balansını dəyişdirən və beynəlxalq diplomatiyanı sınağa çəkən əsas faktorlardan biridir.
Altıncısı Cənubi Asiyada, xüsusilə Hindistan və Pakistan arasında mövcud olan qarşıdurmadır. Yulian Kifunun fikrincə, bu iki nüvə dövlətinin münasibətlərində istənilən kəskinləşmə qlobal təhlükəsizlik üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər.
Yeddincisi Yəməndə davam edən müharibə və Qırmızı dənizdə artan təhlükəsizlik riskləridir. Analitik vurğulayır ki, bu bölgədəki gərginlik beynəlxalq dəniz ticarətinə və enerji daşımalarına birbaşa təsir göstərir.
Səkkizincisi Afrikanın müxtəlif bölgələrində, xüsusilə Sahel zonasında silahlı qruplaşmaların fəaliyyəti ilə bağlıdır. Yulian Kifu bu münaqişələrin dövlət strukturlarını zəiflətdiyini və beynəlxalq terrorizm riskini artırdığını qeyd edir.
Doqquzuncu faktor qlobal iqtisadi müstəvidə artan proteksionizm və ticarət müharibələridir. Ekspert bildirir ki, iqtisadi qarşıdurmalar siyasi münaqişələrdə üst-üstə düşdükdə beynəlxalq sistemdə dərin parçalanma yaradır.
Onuncu əsas risk isə İran daxilində artan sosial və siyasi etirazlardır. Yulian Kifunun fikrincə, bu proseslər regionda gözlənilməz siyasi dəyişikliklərə və yeni gərginlik ocaqlarının yaranmasına yol aça bilər.
Yulian Kifu vurğulayır ki, 2026-cı il beynəlxalq sistem üçün həlledici mərhələ ola bilər. Onun sözlərinə görə, bu 10 məsələ bir-biri ilə qarşılıqlı təsirdə olaraq, qlobal təhlükəsizlik mühitini daha mürəkkəb və qeyri-müəyyən edəcək. Ekspertin fikrincə, mövcud risklərin idarəolunması üçün beynəlxalq dialoq, diplomatiya və çoxtərəfli əməkdaşlıq mexanizmləri gücləndirilməlidir.
Analitikin qənaətinə görə, dünya liderləri bu qarşıdurmaları yalnız hərbi prizma ilə deyil, siyasi, iqtisadi və humanitar ölçülərdə də dəyərləndirməli, beynəlxalq sabitliyin qorunması üçün uzunmüddətli strategiyalar formalaşdırmalıdırlar.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest