Yeni elmi araşdırma göstərir ki, insanların zehni tapşırıqlar arasında fərqli sürətlə keçid etməsinin əsas səbəblərindən biri beynin məlumatı emal etmə tempi və daxili əlaqə sistemidir.
E-saglam.az xəbər verir ki, Rutgers Universitetinin alimləri müəyyən ediblər ki, beynin müxtəlif hissələri məlumatı eyni sürətlə qəbul etmir və bu fərq idrak qabiliyyətlərinə birbaşa təsir göstərir.
Araşdırmaya görə, beynin müxtəlif bölgələri və hətta həmin bölgələrin fərqli təbəqələri özünəməxsus “neyron zaman şkalalarına” malikdir. Bəzi neyron şəbəkələri saniyələr içində reaksiya verərək sürətli qərarları dəstəkləyir, digərləri isə məlumatı daha yavaş inteqrasiya edir və kontekst, məna və düşünmə kimi daha dərin proseslərdə iştirak edir.
“Nature Communications” jurnalında dərc olunan tədqiqat göstərir ki, bu zaman şkalalarının beyin qabığında necə paylandığı istirahət vəziyyətindən diqqət tələb edən çətin tapşırıqlara keçidin nə qədər səmərəli olmasını müəyyənləşdirir. Bu mexanizm insandan insana dəyişir və bəzi beyinlərin digərlərinə nisbətən daha çevik olmasını izah edir.
Tədqiqatın baş müəllifi, Rutgers Tibb Məktəbinin psixiatriya professoru Linden Parkes bildirib ki, beynin sürətli və yavaş məlumatları necə idarə etməsindəki fərqlər insanların niyə fərqli idrak qabiliyyətlərinə sahib olduğunu anlamağa kömək edir. Onun sözlərinə görə, beyin əlaqələri bu fərqli templərlə daha yaxşı uyğunlaşan insanlarda düşünmə və uyğunlaşma qabiliyyəti daha yüksək olur.
Araşdırma çərçivəsində alimlər 960 nəfərin beyin görüntüləmə məlumatlarını təhlil edib, hər bir beynin əlaqə xəritəsini çıxarıb və məlumat axınını riyazi modellərlə izləyiblər. Nəticələr göstərib ki, beynin fəaliyyət vəziyyətlərini daha asan dəyişən insanları real həyatda da daha az zehni səy tələb edən keçidlər xarakterizə edir.
Alimlər həmçinin müəyyən ediblər ki, bu zamanlama xüsusiyyətləri beyin bölgələrinin genetik, molekulyar və hüceyrə səviyyəsindəki fərqləri ilə əlaqəlidir. Zamanlama xəritələri standart düşüncə testlərinin nəticələri ilə müqayisə edildikdə, beyin vəziyyətlərini daha səmərəli dəyişən şəxslərin testlərdə də daha yaxşı nəticə göstərdiyi üzə çıxıb.
Tədqiqatçılar növbəti mərhələdə şizofreniya, bipolyar pozğunluq və depressiya kimi xəstəliklərdə beyin bağlantısı və neyron zaman miqyasındakı pozuntuların informasiya emalına necə təsir etdiyini araşdırmağı planlaşdırırlar.
Tərcümə: Könül Oruc
E-saglam.az