AZ

ABŞ-Azərbaycan dialoqunun institusionallaşması fonunda 907-ci düzəlişin gündəmdən çıxarılması mümkündür - RƏY

ABŞ-Azərbaycan strateji dialoqunun institusionallaşması və Vaşinqtonda daha rasional yanaşmanın güclənməsi fonunda 907-ci düzəlişin gündəmdən çıxarılması tamamilə mümkün və məntiqli ssenaridir.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Yunis Qurbanov deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin 907-ci düzəlişin tam ləğvi ilə bağlı mövqeyi həm prinsipial, həm də tam əsaslıdır:

"Çünki bu düzəliş artıq uzun illərdir ki, nə regiondakı real vəziyyəti, nə də ABŞ-Azərbaycan münasibətlərinin faktiki səviyyəsini əks etdirir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, regional sülh və sabitliyin əsas təşəbbüskarına çevrilib və ABŞ üçün enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri və təhlükəsizlik sahələrində etibarlı tərəfdaş olaraq qalır. Belə bir ölkəyə qarşı selektiv və köhnəlmiş hüquqi mexanizmin saxlanılması məntiqsizdir".

Siyasi şərhçi onu da diqqətə çatdırıb ki, məsələyə ABŞ-nin daxili siyasi reallıqları prizmasından baxdıqda qısa müddətdə 907-ci düzəlişin Konqres tərəfindən tam ləğvi asan olmayacaq:

"ABŞ Konqresi icra hakimiyyətindən fərqli olaraq daha mürəkkəb daxili balanslarla, o cümlədən müxtəlif siyasi qrupların və lobbi maraqlarının təsiri altında fəaliyyət göstərir. Bu səbəbdən indiyədək daha çox "presidential waivers" (prezidentin tətbiq etdiyi güzəştlər və ya prezident istisnaları – müəl.) mexanizmi tətbiq olunub və bu da faktiki əməkdaşlığın davam etməsinə imkan verib. Lakin strateji baxımdan Prezident İlham Əliyevin mesajı son dərəcə vacibdir. Bu, Azərbaycanın artıq müvəqqəti istisnalarla kifayətlənmək istəmədiyini, münasibətlərin hüquqi əsaslarının da siyasi reallıqlara uyğunlaşdırılmasını gözlədiyini göstərir".

Müsahib vurğulayıb ki, ABŞ–Azərbaycan münasibətləri bu gün taktiki əməkdaşlıq mərhələsini geridə qoyub və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir və belə bir mərhələdə 907-ci düzəliş kimi normativ maneələrin qalması münasibətlərin ruhuna ziddir:

"Bu baxımdan demək olar ki, qısa müddətdə tam ləğv ehtimalı aşağı olsa da, orta və uzunmüddətli perspektivdə, xüsusilə regionda sülh prosesinin möhkəmlənməsi, ABŞ–Azərbaycan strateji dialoqunun institusionallaşması və Vaşinqtonda daha rasional yanaşmanın güclənməsi fonunda 907-ci düzəlişin gündəmdən çıxarılması tamamilə mümkün və məntiqli ssenaridir. Prezidentin bu məsələni açıq şəkildə qaldırması də məhz bu prosesə siyasi impuls vermək baxımından mühüm əhəmiyyət daşıyır".

Y.Qurbanov hesab edir ki, 907-ci düzəlişin tam ləğvinin niyə çətin proses olduğunu anlamaq üçün ABŞ-nin siyasi və hüquqi sisteminin spesifik xüsusiyyətlərini nəzərə almaq vacibdir:

"ABŞ-də xarici siyasət təkcə Prezident Administrasiyası tərəfindən formalaşdırılmır, Konqres bu sahədə müstəqil və güclü səlahiyyətlərə malikdir. 907-ci düzəliş konkret olaraq Konqresin qəbul etdiyi federal qanunun bir hissəsidir və onun ləğvi yalnız icra hakimiyyətinin siyasi iradəsi ilə deyil, hər iki palatada (Nümayəndələr Palatası və Senat - müəl) ayrıca qanunvericilik prosesi, komitə müzakirələri və səsvermə tələb edir. Üstəlik, ABŞ qanunvericilik sistemi konsensus və tarazlıq üzərində qurulub. Bu isə o deməkdir ki, hətta icra hakimiyyəti səviyyəsində müsbət yanaşma mövcud olsa belə, Konqresdə müxtəlif daxili siyasi gündəmlər, seçki dinamikası, regional maraqlar və lobbi balansları bu cür qərarların qəbulunu ləngidə bilər".

Ekspertin sözlərinə görə, məhz bu səbəbdən indiyədək ABŞ administrasiyaları 907-ci düzəlişi tam ləğv etməkdən daha çox, onu illik prezident istisnaları vasitəsilə praktik olaraq neytrallaşdırmağa üstünlük veriblər:

"Bu mexanizm hüquqi baxımdan müvəqqəti xarakter daşısa da, siyasi baxımdan Vaşinqton üçün daha az müqavimət doğuran yoldur. Bu kontekstdə Prezident İlham Əliyevin mövqeyi yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, eyni zamanda, ABŞ siyasi sisteminə ünvanlanmış strateji mesaj kimi də dəyərləndirilə bilər. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan artıq keçici mexanizmlərlə deyil, münasibətlərin tam hüquqi və institusional əsasda normallaşdırılmasını gözləyir. ABŞ siyasi sisteminin mürəkkəbliyinə baxmayaraq, uzunmüddətli perspektivdə Konqresdə mövqelərin tədricən dəyişməsi, regional reallıqların qəbul olunması və ABŞ–Azərbaycan strateji tərəfdaşlığının dərinləşməsi fonunda 907-ci düzəlişin tarixi bir anomaliya kimi aradan qaldırılması real görünür".

Qeyd edək ki, yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev Azadlığın Müdafiə Aktına 907-ci düzəlişin qəbulu barəsində danışarkən xatırladıb ki, Azərbaycana qarşı böyük ədalətsizlik olub:

"Çünki 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq işğal altında idi, Şuşa, Laçın işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi və Azərbaycanın torpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadan söhbət gedə bilərdi?! Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər".

Seçilən
52
far.az

1Mənbələr