Məmurlarımızın bu və digər şəkildə bizi təəccübləndirmələri artıq adi hal alıb. Məmurların cəmiyyət tərəfindən əvvəllər qəbullanmayan hərəkətləri bu günün acı reallığına çevrilib.
Bu dəfə hərəkəti ilə xalqı təəccübləndirən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev oldu. O, Yeni il ərəfəsində müğənni Röya Ayxanı təmtəraqlı qarşılanma mərasimi ilə gündəmə gəldir. Yayılan görüntülərdən İcra başçısının bu görüşdən nə qədər məmnun, bəlkə də xoşbəxt olduğu görünür. O hətta Röya ilə tort kəsmək xoşbəxtliyinə də nail olub.
Maraqlıdır ki, Röyanın təntənəli qarşılanma mərasimində Rafiq Quliyev tək olmayıb. Ona bu işdə Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev də yardımçı olublar. Necə deyərlər rayon fəalları bu təntənədə öz başçılarını yalnız qoymayıblar. Öz iştirakları və təbəssümləri ilə İcra başçılarını əhatəyə alıblar.
Amma bir məsələ var ki, İcra başçısı Rafiq Quliyevin və “rayon aktivləri”nin bu hərəkəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət İcra başçısını sərt tənqid edib.
Təbii ki, bu məsələdə biz də çoxluğun yanındayıq. Rayon İcra Hakimiyyəti başçısının hansısa şou əhlinə bu qədər diqqət ayırması ancaq təəccüb və təəssüf doğurur. Bəzi məqamlarda isə Rafiq Quliyevin “nəzakəti” sadəcə ikrah doğurur. O görüş zamanı hətta Röyaya bələdçilik belə edir. Bu isə Rafiq Quliyevin statusuna qətiyyən yaraşmayır.
Məlumdur ki, şou əhli bu tip tədbirlərə yüksək qonorar müqabilində qatılırlar. Və yada salaq ki, Röya 2024-cü ilin son günlərində paytaxt məkanlarının birində 1 saatlıq səhnə proqramı üçün 50 min manat qonorar tələb eləmişdi. Bu aspektdən yanaşsaq o zaman Rafiq Quliyevin bir neçə saat üçün Röyaya ödədiyi qonorar 6 rəqəmlə ifadə olunduğu qənaətinə gəlmək olar.
Bəs bu qədər vəsaitə Xətai rayonunda hansı abadlıq işlərini aparmaq mümkündür?
Nə qədər şəhid ailəsini, qaziləri və hətta imkansız ailələri sevindirmək olardı?
Bu tənliyin həllini də buraxırıq Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quliyevin ixtiyarına və insafına.
News365.az