Son vaxtlar Azərbaycanda boğaz ağrısı ilə başlayan, uzun müddət davam edən və qrip əlamətləri ilə müşahidə olunan xəstəliklərin yayılması diqqət çəkir. Mütəxəssislər bu vəziyyətin mövsümi kəskin tənəffüs yolu infeksiyaları ilə bağlı olduğunu bildirir və vətəndaşları diqqətli olmağa çağırırlar.
İnfeksionist Mərdan Əliyev Day.Az-a açıqlamasında bildirib ki, hazırda müşahidə olunan xəstəlikləri "qrip" adlandırmaqdan daha çox qripəbənzər kəskin tənəffüs yolu infeksiyaları kimi dəyərləndirmək daha doğrudur.
"Çünki bu xəstəliklər təkcə qrip virusu deyil, müxtəlif viruslar tərəfindən törədilir. Həmin virusların yaratdığı klinik mənzərə isə bir-birinə çox bənzəyir."

Həkimin sözlərinə görə, bu xəstəliklər əsasən boğaz ağrısı, öskürək, burun tutulması və axması, əzələ və oynaq ağrıları, yüksək hərarət kimi əlamətlərlə müşahidə olunur.
"Virusun növündən asılı olaraq bəzi hallarda müəyyən simptomlar daha qabarıq şəkildə özünü göstərir, digərlərində isə başqa əlamətlər üstünlük təşkil edir. Qrip isə bu virus infeksiyaları arasında daha ağır gedişli xəstəlik hesab olunur.
Virusun nə vaxt səngiyəcəyindən danışan Mərdan Əliyev qeyd edib ki, qrip və digər kəskin tənəffüs yolu xəstəliklərinin yayılması əsasən mövsümi xarakter daşıyır.
"Digər virus infeksiyaları payızın əvvəlindən - sentyabr-oktyabr aylarından etibarən müşahidə olunsa da, qrip əsasən dekabr ayından başlayaraq mart ayınadək geniş yayılır."

Həkim virusdan qorunma yollarından da danışıb. İnfeksionist vurğulayır ki, əl gigiyenasına ciddi riayət etmək, əlləri tez-tez və düzgün yumaq vacibdir.
"Bundan əlavə, xüsusilə koronavirus dövründən tanış olan sosial məsafə qaydasına əməl etmək, yəni xəstə şəxslə bir metrdən yaxın təmasdan çəkinmək tövsiyə olunur. Zərurət yarandıqda isə maska istifadəsi mütləqdir. Həkimin sözlərinə görə, bu sadə, lakin effektiv tədbirlər qrip və qripəbənzər xəstəliklərdən qorunmağa ciddi şəkildə kömək edə bilər."
Elvin Səxavətoğlu
Day.Az