AZ

“Bəzi dairələr ölkəmizi daim İsraillə münaqişəyə çəkmək istəyirlər” Deputat

ain.az, 525.az saytına istinadən bildirir.

“Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibəsində bir çox mühüm məsələlərə toxundu. Beynəlxalq münasibətlərlə bağlı dövlət başçısı olduqca vacib məqama diqqət çəkərək bildirdi ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Bəli, təəssüf ki, hazırda beynəlxalq hüququn gücü əvəzinə gücün hüququ ortadadır. Bu, reallıqdır və onunla hesablaşmaq lazımdır”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Rasim Musəbəyov dövlət başçısının müsahibə zamanı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Deputat deyib ki, Azərbaycan beynəlxalq hüququn işləmədiyini  öz məsələsində görüb, hiss edib:

“ATƏT-in Minsk qrupu 30 il ərzində keçmiş Qarabağ məsələnin həllindən yayınaraq, onu uzadaraq diplomatik turizmlə məşğul oldu. Azərbaycanı birtərəfli güzəştlərə sövq etməyə çalışırdılar. Azərbaycan həmin Minsk qrupunun fəaliyyətinə xitam verilməsi üçün səylər göstərdi və yekun qərarın qəbuluna nail oldu. Beynəlxalq hüquq deyiləndə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamış qalması əlbəttə ki, yada düşür. Azərbaycan məcbur oldu ki, öz gücündən istifadə edərək BMT Nizamnaməsinin dövlətin ərazi bütövlüyünü təmin etmək üçün gücdən istifadə etmək haqqını tanıyan 51-ci maddəsinə uyğun olaraq məsələləri həll etsin. Bütün bunlar bizim öz təcrübəmizdən keçdi və belə olan halda Azərbaycan birinci növbədə öz təhlükəsizliyini möhkəmləndirir, ordusun gücləndirir. Eyni zamanda, müttəfiqləri ilə öz təhlükəsizliyini təmin edəcək. Bu, Türkiyədir, Mərkəzi Asiya ölkələridir. Prezident müsahibəsində Çin ilə strateji tərəfdaşlığı, ABŞ-la münasibətləri önə çəkdi. Azərbaycanın yerləşdiyi coğrafiyanı nəzərə alsaq, biz təhlükəsizliklə bağlı ümidlərimizi beynəlxalq hüquqa bağlamamalıyıq, ilk növbədə güclü ordumuz və müttəfiqlərimiz olmalıdır. Bu, çox vacib fikir idi”.

R.Musabəyov Yaxın Şərq, Fələstinlə bağlı dövlət başçısının mühüm fikirlər səsləndirdiyini söyləyib: 

“Bəzi dairələr ölkəmizi daim İsraillə münaqişəyə çəkmək istəyirlər. Cənab Prezident bildirdi ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. Çünki onlar həmin bölgədədirlər. Azərbaycan onların əvəzinə süni şəkildə gedib İsraillə münasibətləri gərginləşdinmək niyyətində deyil. Bunu Azərbaycandan gözləməyə dəyməz. Bu, çox vacib mesaj idi.

Qəzzaya Azərbaycanın sülhməramlı göndərməsi məsələsi ilə bağlı da dövlət başçısı açıq şəkildə öz mövqeyini bildirdi. Bu məsələdə Azərbaycanın əvəzinə hansısa bəyanatlar verirlər, bunlar təbii ki, qəbuledilməzdir, tamamailə yersizdir. Azərbaycan bu məsələdə elan etdi ki, öz qərarların vəziyyətə uyğun olaraq özü müstəqil şəkildə verəcək və heç kəs ölkəmizin əvəzinə danışmamalıdır”.

Deputat söyləyib ki, Prezidentin 907-ci düzəlişə diqqəti cəlb etməsi də əhəmiyyətlidir:

“Bu ədalətsiz düzəliş tamamilə aradan qalxmalıdır. Beləliklə, dövlət başçısı alternativ enerjidən tutmuş neftin hasilatı, qaz, iqtisadiyyat, Azərbaycan dili və bir çox digər mühüm məsələlərə toxundu, öz fikirlərini bildirdi”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
525.az

2Mənbələr