Naxçıvan, 6 yanvar, Nail Əsgərov, AZƏRTAC
Şərur rayonunun ucqar dağ kəndlərindən sayılan Yuxarı Yaycı maraqlı tarixi ilə əsrarəngiz təbiətin qovuşduğu məkandır.
AZƏRTAC-ın bölgə müxbiri yaşayış məntəqəsində olub, kəndin tarixi, bugünkü yaşayışı, sakinlərin məşğuliyyəti ilə bağlı maraqlı məlumatlar əldə edib. Onun hazırladığı reportajı təqdim edirik.
Budur, ağ örpəyini sinəsinə çəkərək həzin-həzin mürgüləyən təbiət gözəli - Yuxarı Yaycı kəndi qarşılayır bizi. Sanki qış nağılını xatırladır mənə burada gördüklərim, şahidi olduqlarım. Qədim məhəllələr, daş evlər, dar küçələr, qalın qar örtüyü və səssizlik kəndin aurasına xüsusi ab-hava qatır. Bənzərsiz coğrafi mövqeyə malik kəndin ən hündür yerindən baxanda aşağıda evlər, həyətlər görünür. Həmin həyətlərdən birində yığılan ot tayası, digərində odun doğrayıb samovar qalayan ahıl kişi və yanında qartopu oynayan balaca fidanlar görünür.
Kənddə ilk həmsöhbət olduğumuz yaşlı sakin Mirqasım Eminov deyir ki, Yuxarı Yaycının tarixi çox qədimdir. Ərazidə qalıqları qalan küp qəbiristanlıqlar da bunu sübut edir. "Şırqanlı" deyilən sahədə, “Cənnət qayası”nın aşağısında albanlar yaşayıblar: "Deyilənlərə görə, vaxtilə bu kənddə 13 qəbiristanlıq olub. Hazırda üçü qalıb - biri uşaq, ikisi böyük qəbiristanlığı. Yaycı kəndində ötən əsrin 30-cu illərinə qədər 1000-dən çox ev olub. Aşağı Yaycıda yaşayanlar da Yuxarı Yaycıdan köçənlərdir. Həmzəli kəndində yaşayanların 99 faizi buradan köçüb".
Mirqasım dayının sözlərinə görə, kəndin adı qədim insanların məşğuliyyəti ilə bilavasitə bağlıdır. Yaycı "yayçı", "oxçu" deməkdir. Vaxtilə burada oxçular, yayçılar yaşayıb, yadellilərə qarşı güclü mübarizə apararaq torpaqlarını qoruyublar. Yuxarı Yaycının özündə beş su dəyirmanı işləyirmiş. "Dəyirman dərəsi" adlanan ərazi də vardı. Kənddə 18-19 bulağın suyundan istifadə olunurmuş. Hazırda isə 3-ü fəaliyyətdədir - "Kənd", "Teyfə" və "Ağbulaq". Bu gün "Ağbulaq" olmazsa, bu kənddə yaşayış da olmaz. Yəni, həm bağları suvarmaq, həm də içməli sudan istifadə etmək baxımından kəndlilərin əlindən tutan məhz "Ağbulaq"dır.
Yuxarı Yaycı dağlıq zona olduğu üçün maldarlığa bir o qədər əlverişli deyil. Sakinlərin əsas məşğuliyyətləri əkinçilik və heyvandarlıqdır. Təsərrüfatında arı bəsləyən, toyuq-cücə saxlayanlar da var. Bağlarda ənənəvi yerli meyvə sortları ilə yanaşı, "Antep fıstığı", "xurma" və nar da yetişdirilir. Kəndin digər sakini Kamil Süleymanov da qədim təsərrüfatçılıq ənənələrini yaşadır. Deyir ki, kənd həyatı gözəldir. Gərək saf havanın, münbit torpağın, şəffaf suyun qədrini biləsən, yaşayasan, yaşadasan və görəsən: "Yazın gözü açılan kimi, əkin-biçin işləri başlayır. Həm özümüzə azuqə toplayır, həm də heyvanlarımıza yem ehtiyatı yığırıq. Gündəlik yeməyimiz də elə demək olar ki, öz həyətimizin məhsullarıdır. Bu kəndin adamlarından təsadüfən kimsə şəhər bazarından evinə meyvə, tərəvəz alar. Qadınlarımız təsərrüfatdan toplanan meyvə-tərəvəzdən çoxlu mürəbbə, turşu bağlayır. Payız aylarında isə odun doğrayır, ot tayalayaraq qış üçün bütün tədarükümüzü yekunlaşdırırıq. Qışda hər yer ağ örpəyə bürünür".
"Qışın gözəlliyi də bu qardadır. Allah bu bərəkəti heç vaxt üstümüzdən əskik etməsin. Həmişə qar olsun, bolluq olsun. Əkinimizə, biçinimizə, ağaclarımıza can verir", - deyə Kamil dayı əlavə edir.
Yuxarı Yaycı tarixi məkanları ilə turistləri özünə cəlb edir. Burada yerləşən "Ağ ziyarət" piri belə məkanlardandır. Kənd sakini Ələmdar Fərzəliyev bildirir ki, bu yerə qədimdən həm yerli əhali, həm də xarici ölkələrdən üz tutanlar çox olur: "Rəhmətlik nənəm 1874-cü ildə anadan olmuşdu. Deyirdi, mən gözümü açandan "Ağ ziyarət" pirini görmüşəm. İnsanlar dəstə-dəstə bu yerə üz tutar, nəzir-niyazlarını edərdilər. Bu gün ziyarət yeri həm də turizm məkanına çevrilib. Turistləri cəlb edən maraqlı cəhətlərdən biri də bütün mövsümlərdə gecə-gündüz qayaların arası ilə suyun dayanmadan axmasıdır".
Kəndin dar məhəllələrini gəzdikcə hər addımda duyğulu ab-hava insanı öz ağuşuna alır. Şiş qayaların yamaclarındakı qar dənələri, arabir üzəri ilə aşağı-yuxarı qaçan dağ keçiləri, uçuşan kəkliklər kəndin qış nağılının sevilən qəhrəmanlarıdır. Təbiətlə tarixin qovuşduğu bu məkanı seyr etdikcə bənzərsiz gözəlliklər içində zamanın necə gəlib-keçdiyinin fərqində belə olmursan. Artıq axşam saatları yaxınlaşdığı üçün sümüyümə işləyən soyuq-sazaqdan geri qayıtmaq vaxtının çatdığını hiss edirəm. Yuxarı Yaycının başı qarlı dağlarına, dərələrinə, eləcə də çətin relyefə, şaxta-borana rəğmən insanların öz obasına, elinə bağlılığını düşünərək Xalq şairi Məmməd Arazın dillər əzbəri olan “Mənim Naxçıvanım” şerinin aşağıdakı misralarını dodaqaltı pıçıldayıram:
Mən burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axar çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.