AZ

Bu gün Mikayıl Müşfiqin anım günüdür

Bu gün XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, stalinizmin qurbanı, adı milli mədəniyyət tarixinə əbədi həkk olunmuş Mikayıl Müşfiqin vəfatından 88 il ötür.

Oxuməni.az xəbər verir ki, repressiya qurbanları dedikdə ilk ağla gələn adlardan biri olan Mikayıl Müşfiq Azərbaycan şairi, tərcüməçisi və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Azərnəşr”in keçmiş direktorudur.

Mikayıl Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 5 iyun 1908-ci ildə Bakıda anadan olub. Atası Mirzə Əbdülqədir İsmayılzadə dövrünün tanınmış ziyalılarından idi. O, təkcə müəllimliklə məşğul olmayıb, həm də yaradıcılıqla məşğul olub, şeirlər yazıb.

Mikayıl erkən yaşda valideynlərini itirib və qohumları yetim qalan uşağı himayəsinə götürüb.

1915-ci ildə rus-tatar məktəbinə, 1920-ci ildə isə Bakı Müəllimlər Seminariyasına daxil olub. 1927-1931-ci illərdə Mikayıl Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Ali məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olub. Son iş yeri Bakıdakı 18 saylı orta məktəb olub.

Mikayıl Müşfiq şeir yazmağa 1926-cı ildə başlayıb və artıq 18 yaşında Azərbaycanın tanınmış şairlərindən birinə çevrilib. Onun ilk şeiri "Bir gün" "Gənc fəhlə" qəzetində dərc olunub. Müşfiq bədii tərcümə ilə də ciddi məşğul olub.

Şair ağır və kədərli uşaqlıq keçirib, bunu belə xatırlayıb: "Hələ atamın vaxtında bizim həyatımız çətin idi. Anamı və atamı uşaq ikən itirdim. Məni Daşkəsəndə əmim və xalam himayəyə götürdü. Ac uşaqlığım olub."

"Kaş yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra digər əsərləri Azərbaycan poeziya xəzinəsinin incilərindəndir.

1931-ci ildə şair Dilbər Axundzadə ilə evlənib. 1968-ci ildə Bakıda onun xatirələrindən ibarət "Müşfiqlə keçən günlərim" kitabı nəşr olunub.

4 iyun 1937-ci ildə Mikayıl Müşfiq evində həbs olunub. Səbəb kimi şairi əks-inqilabçı millətçi təşkilata mənsubiyyətdə və sovet hakimiyyətinə qarşı guya hazırlanmış silahlı üsyandan xəbərdar olmaqda ittiham edən şikayət olub. Stalin repressiyalarının qurbanlarından biri olan Müşfiq 6 yanvar 1938-ci ildə güllələnib. Stalinin ölümündən sonra bəraət alıb.

Xızıda Mikayıl Müşfiqin xatirəsinə muzey yaradılıb. Bakıda onun büstü qoyulub, yaşadığı evə isə xatirə lövhəsi qoyulmuşdur. Bir kənd, bir küçə və təhsil aldığı məktəb onun adını daşıyır, yeni nəsillərə onun faciəli taleyini və ölməz irsini xatırladır.

Almaz Həsənli

Seçilən
13
oxumeni.az

1Mənbələr