ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın neft şirkətləri Venesuelada fəaliyyət göstərən Çin enerji şirkətlərinə məxsus aktivləri öz nəzarətinə götürə bilər.
Bizimyol.info xəbər verir ki, bunu Çin Xalq Universitetinin Latın Amerikası Araşdırmaları Mərkəzinin direktoru Tsuy Şoutszyunun deyib.
Ekspert "Guancha" nəşrinə açıqlamasında bildirib ki, gələcəkdə ABŞ hakimiyyətə gələcək keçid hökumətini dəstəkləyə bilər. Həmin hökumət isə Nikolas Maduronun dövründə imzalanmış bəzi sazişləri qanunsuz elan edə, Venesuelanın Çin qarşısında olan borclarını legitim saymaya və onların ödənilməsindən imtina edə bilər. Tsuy Şoutszyunun sözlərinə görə, məhz bu mərhələdə ABŞ neft şirkətləri təkrar tenderlər vasitəsilə Venesueladakı Çin aktivlərini nəzarətə götürə bilərlər.
Professor mövcud vəziyyətin “Liviya ssenarisi” ilə oxşarlıq təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, Şimali Afrikadakı böhran Çin şirkətlərinə təxminən 20 milyard dollar zərər vurub. Bu proses xüsusilə "Sinopec", "CNPC" və "CNOOC" kimi iri neft şirkətlərinə, eləcə də Çin Dövlət Tikinti Mühəndislik Korporasiyasına (CSCEC) və Çin Dəmir Yolu Tikinti Korporasiyasına (CRCC) ciddi təsir göstərib.
Tsuy Şoutszyun qeyd edib ki, Çin Milli Neft Korporasiyası (CNPC) artıq on ildən çoxdur Venesuelada fəaliyyət göstərir. Onun fikrincə, əgər ABŞ İraq və Liviyada tətbiq etdiyi modeli burada da reallaşdırsa, hakimiyyət dəyişikliyindən sonra Venesuelanın neft sənayesi böyük ehtimalla Amerika şirkətləri tərəfindən idarə olunacaq.
Ekspert hesab edir ki, ABŞ Bolivar Respublikası nümunəsində öz xarici siyasətini yenidən formalaşdırmaq niyyətindədir. Onun sözlərinə görə, ABŞ artıq soyuq müharibənin son dövrlərində malik olduğu imkanlara sahib deyil və bu səbəbdən strateji geri çəkilmə edərək diqqətini Qərb yarımkürəsinə yönəldib. Tsuy Şoutszyunun qənaətinə görə, ABŞ-ı dəstəkləyən Latın Amerikası ölkələri təhlükəsizlikdə olacaq, antiamerikan mövqedə dayanan hakimiyyətlər isə Vaşinqton tərəfindən devrilmə riski ilə üzləşə bilər.
Professor əlavə edib ki, Venesuelanın gələcəyi böyük ölçüdə ordunun mövqeyindən asılıdır. Onun sözlərinə görə, ölkədə çoxsaylı siyasi qruplar mövcuddur və hazırkı mərhələdə hərbçilərin mövqeyi həlledici əhəmiyyət daşıyır. Tsuy Şoutszyun ordunun “proamerikan” və “müqavimət göstərən” qanadlara bölündüyünü bildirib və qısa müddətdə ölkəni ciddi sarsıntıların, hətta İraqdakına bənzər vətəndaş müharibəsinin gözlədiyini proqnozlaşdırıb.
Qeyd edək ki, yanvarın 3-də Venesuelanın xarici işlər naziri İvan Xil Pinto ABŞ-ın Karakasda mülki və hərbi obyektlərə zərbələr endirdiyini bildirib və bunu hərbi təcavüz adlandırıb. Ölkədə fövqəladə vəziyyət elan edilib. Daha sonra ABŞ prezidenti Donald Tramp zərbələri təsdiqləyib və Venesuela prezidenti Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə saxlanılaraq ABŞ-a aparıldığını açıqlayıb. Onlar Nyu-Yorkun Bruklin bölgəsində istintaq təcridxanasında saxlanılıb, yanvarın 5-də isə federal məhkəmə qarşısına çıxarılıblar. ABŞ hakimiyyəti Maduronu və həyat yoldaşını narkotik ticarətində ittiham etsə də, onlar özlərini təqsirli bilmədiklərini bildiriblər.
Donald Tramp həmçinin Venesuelanın müvəqqəti idarəçiliyinin ABŞ-ın nəzarətinə keçəcəyini və Vaşinqtonun Amerika neft şirkətləri üçün kompensasiya əldə edəcəyini iddia edib. Onun sözlərinə görə, ABŞ şirkətləri Venesuelanın neft infrastrukturunun bərpasına vəsait ayıracaqlar.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.