Bakı, 6 yanvar, AZƏRTAC
Xəbər verildiyi kimi, yanvarın 3-də Berlinin cənub-qərbində kabel körpüsündə baş verən yanğın səbəbindən təxminən 45.000 ev və 2200 müəssisə elektrik enerjisiz və qismən istiliksiz qalıb. Bazar ertəsi səhəri etibarilə daha 30.000 evə elektrik enerjisinin verilməsi dayandırılıb. Radikal solçu qrup “Vulkan” hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.
AZƏRTAC “Tagesschau” xəbər portalına istinadla xəbər verir ki, federal, əyalət və yerli hakimiyyət orqanları hazırda vacib infrastrukturun ən yaxşı şəkildə necə qorunacağını müzakirə edirlər. Berlinin elektrik şəbəkəsinə edilən hücum Almaniyanın zəifliyini nümayiş etdirir.
Almaniya hökuməti Berlinin elektrik şəbəkəsinə edilən hücumu qətiyyətlə pisləyib. Hökumət sözçüsünün müavini Sebastian Hille bildirib ki, buna heç bir halda haqq qazandırmaq olmaz. "Cinayətkarlar qəsdən insanları, xüsusən də xəstəxanaları, yaşlıları və kiçik uşaqları olan ailələri təhlükəyə atıblar”. Hücumdan sonrakı mənzərə belədir: on minlərlə ev elektrik enerjisi və istiliksiz qalıb, qocalar evləri fövqəladə rejimdə işləyir, xəstəxanalar generatorlardan asılı olub və məktəblər bağlanıb.
Yaşıllar Partiyasının həmsədri Feliks Banaszak vurğulayıb: “Biz burada, həm də paytaxt Berlində bu cür hadisələrə nə qədər həssas olduğumuzu görürük”.
Sol Partiya ehtiyat sistemlərinin işlək olmamasından təəccüblənir. Partiyanın həmsədri Yan van Aken isə problemin həllinin bu qədər uzun çəkməsini tənqid edib. “Düşünürəm ki, burada gördüyümüz mənzərə Almaniyanın illərdir fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün vəsait çatışmazlığını üzə çıxarır”.