Xəbər verdiyimiz kimi, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatına görə, Livanda dabaq, Litvada isə blutanq xəstəliyi qeydə alınıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu xəstəliklərin respublika ərazisinə yayılmasının qarşısını almaq üçün müvafiq məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.
Belə olan halda idxal məhdudiyyətləri ət məhsullarının qiymətində artıma səbəb ola bilərmi?
İqtisadçı ekspert Elşən Bağırzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, qoyulan məhdudiyyət kəskin qiymət artımı yaratmayacaq:
"Livan və Litvanın müəyyən bölgələrindən idxala tətbiq olunan müvəqqəti məhdudiyyətlər prinsip etibarilə daxili bazarda kəskin qiymət artımı riski yaratmır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan ət idxalının əsas hissəsini bu ölkələrdən deyil, iri tədarükçülərdən həyata keçirir. Livan və Litvanın Azərbaycan bazarındakı payı çox məhdud olduğundan, həmin istiqamətlər üzrə idxalın dayandırılması ümumi təklif həcminə ciddi təsir göstərmir. Bu baxımdan qısa müddətdə ət qiymətlərində nəzərəçarpacaq artım gözlənilmir”.
İqtisadçı qeyd edib ki, lokal və müvəqqəti qiymət dalğalanmaları istisna edilmir:
"Psixoloji amillər və mövsümi tələbin artdığı dövrlərdə (xüsusilə bayramlar ərəfəsində) lokal və müvəqqəti qiymət dalğalanmaları istisna edilmir. Uzunmüddətli qiymət artımı isə yalnız o halda mümkün ola bilər ki, əsas idxalçı ölkələr üzrə də oxşar məhdudiyyətlər tətbiq edilsin və ya daxili istehsalda ciddi azalma baş versin”.