İranın Əmək və Sosial Rifah naziri Əhməd Meydəri, son dövrlərdə iqtisadi səbəblərlə etirazların baş verdiyi ölkəsində dörd ay müddətində hər bir şəxsə aylıq 10 milyon rial (təxminən 7 dollar) yardım ediləcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, televiziya proqramında çıxış edən Meydəri, iqtisadi çətinliklərlə mübarizə aparan əhalinin əsas ehtiyac mallarına çıxışını asanlaşdırmaq üçün tədbirlər üzərində çalışdıqlarını bildirib.
“Xalqın alım gücünü qorumaq üçün müxtəlif tədbirlər gördüklərini” qeyd edən Meydəri, bu yardımların dörd ay boyunca hər ay 10 milyon rial məbləğində olacağını və ödənişlərin ərzaq kartlarına köçürüləcəyini deyib.
Nazir əlavə edib ki, artıq 70 milyon nəfərin hesabına ilk tranş olaraq 10 milyon rial yatırılıb və vətəndaşlar müəyyən edilmiş 260 min mağazada alış-veriş edə biləcəklər.
Yardımların hər ay müntəzəm şəkildə hesablara köçürüləcəyini bildirən Meydəri, əsas ərzaq məhsullarının qiymətində artım olacağı təqdirdə yardım məbləğinin də uyğun şəkildə artırılacağını vurğulayıb.
Əvvəlki illərdə yardımların nağd şəkildə edildiyini xatırladan Meydəri, bundan sonra yardımların yalnız ərzaq alış-verişi üçün nəzərdə tutulacağını və qiymət artımının qarşısını almaq məqsədilə birbaşa hesab kartlarına köçürüləcəyini qeyd edib.