Buxarest, 6 yanvar, AZƏRTAC
Rumıniyalı siyasi hərbi analitik Aleksandru Qrumaz beynəlxalq münasibətlər sistemində baş verən son prosesləri təhlil edərək “Berinq razılaşması” adlandırılan qeyri-rəsmi geosiyasi anlaşmanın qlobal güc balansına ciddi təsir göstərdiyini diqqətə çatdırıb.
AZƏRTAC xəbər verir ki, o, bu barədə Rumıniyanın nüfuzlu “Adevarul” nəşrində dərs olunan məqaləsində bildirib.
Müəllifin fikrincə, Venesuelada baş verən son hadisələr bu razılaşmanın ilk praktik nəticəsi və daha geniş miqyaslı proseslərin başlanğıcı kimi qiymətləndirilməlidir.
Aleksandru Qrumaz qeyd edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya arasında pərdəarxası danışıqlar çərçivəsində formalaşan “Berinq razılaşması” klassik çoxtərəfli diplomatiyadan fərqli olaraq, böyük güclər arasında birbaşa maraqların uzlaşdırılmasına əsaslanır. Bu çərçivədə tərəflər müəyyən regionlarda qarşılıqlı güzəştlərə gedərək digər geosiyasi istiqamətlərdə manevr imkanlarını genişləndirməyə çalışır.
Analitikin qənaətinə görə, Venesuela bu razılaşmada ilk daş rolunu oynayıb. Ölkədə hakimiyyət ətrafında yaranmış vəziyyət təkcə daxili siyasi böhran kimi deyil, həm də qlobal enerji bazarları və regional təhlükəsizlik arxitekturası baxımından strateji əhəmiyyət daşıyır. O bildirib ki, bu hadisə domino effekti yaradaraq gələcəkdə digər həssas regionlarda da oxşar ssenarilərin gündəmə gəlməsinə zəmin yarada bilər. ““Berinq razılaşması”nın məzmununda Arktika bölgəsi xüsusi yer tutur. ABŞ və Rusiya bu məkanda təhlükəsizlik və iqtisadi maraqların yenidən bölüşdürülməsi istiqamətində qarşılıqlı anlaşmaya can atır. Bu isə qlobal nəqliyyat marşrutları və enerji resursları üzərində nəzarət baxımından mühüm əhəmiyyət kəsb edir”.
Qrumaz hesab edir ki, bu razılaşma beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanğıcını göstərir. “Burada əsas söz sahibi artıq beynəlxalq təşkilatlar deyil, böyük dövlətlərin öz aralarındakı birbaşa razılaşmalarıdır. Bu yanaşma qlobal sistemdə qeyri- müəyyənliyi artırmaqla yanaşı, regional münaqişələrin də yeni konfiqurasiyada formalaşmasına səbəb ola bilər”, - deyə o vurğulayıb.
Analitik diqqətə çatdırıb ki, “Berinq razılaşması” yalnız Venesuela ilə məhdudlaşmır. Bu mexanizm qlobal güc balansının yenidən qurulması cəhdidir və onun təsirləri yaxın perspektivdə bir sıra strateji regionlarda hiss oluna bilər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest