Bakı, 6 yanvar, AZƏRTAC
Müasir dövrdə İKT-nin və süni intellektin cəmiyyət və sənaye həyatında tətbiqi nə qədər zəruridirsə, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi da o qədər əhəmiyyətlidir. Bu gün lazımi bazarlara asan və səmərəli çıxış dövlətlərin davamlı tərəqqisinin əsas şərtinə çevrilib. Əlverişli nəqliyyat-tranzit imkanlarına, çevik logistik potensiala, müasir infrastruktur təminatına sahib olmaq XXI əsrin başlıca qlobal çağırışlarıdır. Bu mənada, dövlət başçısının yerli televiziya kanallarına verdiyi müsahibədə də səsləndirdiyi kimi, zamanında qəbul edilmiş düzgün siyasi qərarlar, həyata keçirilmiş genişmiqyaslı infrastruktur quruculuğu işləri ölkəmizin əlverişli coğrafi mövqeyini daha da möhkəmləndirərək Azərbaycana ciddi üstünlüklər qazandırıb. Dövlət başçısının da müsahibədə vurğuladığı kimi: “... Azərbaycan, belə demək mümkünsə, kommersiya səmərəliliyinə və bir çox digər amillərə əsaslanaraq, yükdaşımaların artmasına kömək edən, özünün və qonşu ölkələrin infrastrukturuna investisiya qoyan, axınların təminedicisi olacaq ölkə rolunu oynamalıdır. Bu səbəbdən də xüsusən də açıq dənizə çıxışı olmayan Azərbaycanın nəqliyyat mərkəzi kimi rolu təbii olaraq artacaq”.
Bu sözləri AZƏRTAC-a şərhində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov bildirib.
O qeyd edib ki, son 20 il ərzində 21 min kilometrdən artıq yolun çəkilişi və ya bərpası, yüzlərlə yol ötürücüsü və körpülərin tikintisi, tarixi Zəfərdən keçən qısa müddətdə 3 beynəlxalq aeroportun tikintisi, dəmir yollarının bərpası və yenidən qurulması, avtomobil parkının müasirləşdirilməsi, ölkəmizdə nəqliyyat xidmətlərinin, xüsusilə ictimai nəqliyyat xidmətlərinin yaxşılaşdırılması, 25 milyon ton illik yükötürmə gücünə malik Ələt limanının tikintisi və s. ölkəmizin nəqliyyat-tranzit-logistika imkanlarının formalaşdırılması və artırılması istiqamətində görülən işlərin bir hissəsidir.
“Təbii ki, ölkəmizdə 2003-cü ildən etibarən bünövrəsi qoyulmuş proqram təminatlı dövlət idarəetməsi çərçivəsində nəqliyyat-infrastruktur sektoru ilə bağlı uğurla reallaşdırılan onlarla proqram və layihələrin məqsədi yalnız çevik daşıma xidmətləri formalaşdırmaq deyil, həm də milli iqtisadiyyatın şaxələndirilmiş inkişafına güclü və etibarlı dəstək verməkdir. Azərbaycanda turizmin inkişafı, yerli və xarici ticarət dövriyyəsinin artımı, ÜDM-in tərkibində xidmət sahələrinin payının artması yuxarıda qeyd edilənlərin bariz nümunəsidir.
Xüsusilə, beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycanda tranzit xidmətləri uzunmüddətli perspektivə malikdir. Avrasiya məkanının aparıcı nəqliyyat-tranzit qovşağı olan Azərbaycan nəinki Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələri istiqamətində daşımaları təmin etmək imkanındadır. Eyni zamanda, artıq Cənub-Qərb, Şimal-Qərb istiqamətlərində də daşımalar üzrə konkret statistik rəqəmlər mövcuddur. Başqa sözlə desək, dövlət başçısının müsahibəsində də qeyd edildiyi kimi: “Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək.
2025-ci ilin 8 avqust tarixində ABŞ-da keçirilən müzakirələr nəticəsində daha da reallaşan Zəngəzur dəhlizinin (TRİP) yaxın gələcəkdə açılması isə nəqliyyat-tranzit qovşağı kimi, Azərbaycanın imkanlarını daha da genişləndirəcək. Adıçəkilən müsahibədə də səsləndirildiyi kimi “...həm dəmir yolu, həm avtomobil yolu demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı təxminən 95 faizdir. Dəmir yolunun fiziki hazırlığı 70 faizdir.... bizim ərazimizdə Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb”.
Stabil və təhlükəsiz ölkə, etibarlı tərəfdaş kimi, olduğu bütün məkanlara rəqabət deyil, əməkdaşlıq, sülh daşıyan Azərbaycan Zəngəzur dəhlizinin açılması təşəbbüsündə də balanslı yanaşma ortaya qoyub. Dövlət başçısının da qeyd etdiyi kimi: “...bizim təşəbbüsümüzlə Ağbənd qəsəbəsində Arazın üzərindən körpü də inşa edilir... Bunun da təşəbbüskarı biz olmuşuq. Körpünü biz öz vəsaitimizlə inşa edirik...”
Bəli, Zəngəzur dəhlizi həm Şərq-Qərb, Şərq-Cənub, Şimal-Cənub istiqamətlərində daşımaların əsas arteriyasına çevriləcək. Zəngəzur dəhlizi keçmişdə istismar edilən SSRİ-İran yolunu yenidən bərpa edəcək və Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi istiqamətində də daşımalar mümkün olacaq. Bu, eyni zamanda, Orta Dəhlizin də ikinci istiqaməti kimi, artan yük axınını Naxçıvandan iki istiqamət üzrə - Türkiyə-Avropa və İran-Fars körfəzi-Yaxın Şərq istiqamətlərində daşımalara imkan yaradacaq”,- deyə o qeyd edib.
A.Əsədov vurğulayıb ki, yuxarıda da qeyd edildiyi kimi, zamanında qəbul edilən siyasi qərarlar, uğurla reallaşdırılan balanslaşdırılmış sülhpərvər siyasət, həyata keçirilən layihə və proqramlar Azərbaycanın, etibarlı tərəfdaş kimi, mövqeyini daha da möhkəmləndirir, nəqliyyat-tranzit imkanlarını artıraraq, mühüm HUB kimi əhəmiyyətini yüksəldir: “Bütün bunlar isə, təbii ki, ümumi iqtisadi inkişaf üçün önəmlidir. Alternativ enerji sahələrinə xarici investorların artan marağı, sənayenin müxtəlif sahələrinə iri həcmli investisiya qoyuluşları, turizmin inkişafı üçün uzunmüddətli perspektivlərin formalaşdırılması və s. real nəticələrdir.
Təbii ki, turistin rahatlığı, çevik və səmərəli səyahəti üçün nəqliyyat əlaqələri, nəqliy-yat xidmətləri xüsusi önəm kəsb edir. Nəqliyyat infrastrukturunun inkişafı istiqamətində atılan davamlı addımlar, turistik məkanların müasir tələbata uyğun təkmilləşdirilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin turizm potensialının hərəkətə gətirilməsi turizm xidmətlərini büdcənin əsas gəlir mənbələrindən birinə çevirəcəkdir. Bu mənada, işğaldan azad edilmiş ərazilərdə görülən işlər, ərazilərin nəqliyyat-kommunikasiya imkanlarının yaxşılaşdırılması istiqamətində atılan addımlar xüsusi sevinc və minnətdarlıqla qeyd edilməlidir. Dünyada analoqu olmayan 11,7 kilometrlik Murovdağ tuneli, Azərbaycan əskərinin Şuşaya doğru piyada irəlilədiyi sərt və mürəkkəb relyefli ərazidə qısa zamanda inşa edilən Zəfər yolu, Bərdə-Ağdam, Ağdam-Xankəndi dəmir yolları, müasir tələblərə cavab verən otellərin tikintisi və s. yaxın gələcəkdə regionun turist cəlbediciliyinə öz töhfəsini verəcəkdir. Dövlət başçısının müsahibədə səsləndirdiyi “Bütün o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir. Bu bölgəni Azərbaycanın digər bölgələri ilə, - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti ilə əlaqələndirməklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf olunan vaxt qısalacaq” sözləri də regionun turist cəlbediciliyi haqqında səslənən fikirlərin və yaxın gələcəkdə ölkəmizə turist axınının 7 milyondan da çox olacağını təsdiq edir.
Beləliklə, dövlət başçısının yerli telekanallara müsahibəsində dediyi fikirlər geniş əhatəli strateji baxış, uzunmüdətli proqram xarakteri daşımaqla yanaşı, Zəngəzur dəhlizi, Azərbaycanın nəqliyyat-tranzit imkanları baxımından gələcək perspektivləri tam reallığı ilə ortaya qoydu”.