Bakı, 6 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə məzmun və ton baxımından klassik hesabat xarakterini aşaraq, Azərbaycanın formalaşmaqda olan yeni siyasi mərhələsinin konturlarını açıq şəkildə göstərir. Bu müsahibə bir tərəfdən ötən dövrün yekunlaşdırılmasıdırsa, digər tərəfdən yaxın illər üçün dövlət idarəçiliyində, iqtisadi strategiyada və xarici siyasətdə hansı prioritetlərin əsas götürüləcəyinə dair aydın siyasi manifest rolunu oynayır.
Bu fikirləri AZƏRTAc-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib. Onun sözlərinə görə, müsahibənin ümumi ruhu göstərir ki, Azərbaycan artıq postmünaqişə dövrünü “adaptasiya mərhələsi” kimi deyil, uzunmüddətli sabit inkişaf mərhələsi kimi qəbul edir: “Prezidentin çıxışında tez-tez vurğulanan əsas xətt ondan ibarətdir ki, əldə olunmuş siyasi və hərbi nəticələr özlüyündə məqsəd deyil, yeni idarəetmə keyfiyyəti və iqtisadi səmərəlilik üçün başlanğıc nöqtəsidir. Bu yanaşma Azərbaycanın dövlətçilik fəlsəfəsində mərhələli keçidin başa çatdığını göstərir.
İdarəetmə ilə bağlı səsləndirilən fikirlər xüsusilə diqqətəlayiqdir. Prezident açıq şəkildə bildirir ki, islahatlar davam edəcək və bu proses selektiv deyil, sistemli xarakter daşıyacaq. Onun məmurlara ünvanladığı sərt mesajlar hakimiyyət daxilində yeni intizam mərhələsinin başlandığını göstərir. Burada əsas vurğu struktur dəyişikliklərindən çox, icra məsuliyyəti və nəticə tələbidir. Bu, Azərbaycanın qarşıdakı dövrdə daha az populizmə, daha çox performans əsaslı idarəetməyə keçmək niyyətində olduğunun siyasi göstəricisidir”.
Elnarə Akimova qeyd edib ki, iqtisadi məsələlərə münasibət Prezidentin strateji düşüncə tərzini açıq ortaya qoyur: “Dövlət Neft Fondunun qızıl ehtiyatlarını artırmaqla milyardlarla dollar əlavə gəlir əldə etməsinin xüsusi vurğulanması təsadüfi deyil. Bu, bir tərəfdən maliyyə təhlükəsizliyinin möhkəmləndirilməsi, digər tərəfdən isə neft gəlirlərinin idarə olunmasında konservativ və uzunmüddətli yanaşmanın prioritet olduğunu göstərir. Prezident bu nümunə ilə açıq mesaj verir: iqtisadi sabitlik xərcləmə yox, ehtiyat yaratmaq üzərindən təmin olunmalıdır.
Xarici siyasətə dair mövqelər müsahibənin ən mühüm siyasi qatlarından biridir. İlham Əliyevin beynəlxalq məsələlərə münasibəti göstərir ki, Azərbaycan artıq regional proseslərdə passiv iştirakçı deyil, öz mövqeyini formalaşdıran və açıq ifadə edən aktordur. Fələstin məsələsində səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, selektiv olmayan mövqe tutduğunu nümayiş etdirir. Bu yanaşma Bakının həm Qərb, həm də Qlobal Cənub ölkələri ilə münasibətlərində balanslı, lakin prinsipial xətt yürütmək niyyətində olduğunu göstərir”.
Deputat bildirib ki, müsahibədə hiss olunan əsas siyasi mesajlardan biri də suverenlik anlayışının gücləndirilməsidir. Prezidentin ritorikasında “kənar təsirlər”, “ikili standartlar” və “daxili işlərə qarışmamaq” mövzuları dolayı yolla, lakin aydın hiss olunur. Bu, Azərbaycanın beynəlxalq müstəvidə öz qərarlarını kənar təzyiqlərdən asılı olmayaraq vermək əzmində olduğunu göstərir və dövlətin siyasi özünəinamının artdığını təsdiqləyir.
“Ümumilikdə bu müsahibə Azərbaycanın yaxın dövr üçün siyasi yol xəritəsini aydınlaşdırır: daxildə daha sərt və nəticəyönümlü idarəetmə, iqtisadiyyatda ehtiyatlı və uzunmüddətli strategiya, xarici siyasətdə isə balanslı, amma açıq mövqe. Prezident İlham Əliyev bu müsahibə ilə həm dövlət aparatına, həm cəmiyyətə, həm də beynəlxalq auditoriyaya eyni mesajı verir: Azərbaycan artıq yeni mərhələyə keçib və bu mərhələdə qeyri-müəyyənlik yox, dəqiqlik və məsuliyyət əsas meyar olacaq”, - deyə Elnarə Akimova fikrini yekunlaşdırıb.