Son günlər İranda etirazların genişlənməsi və təhlükəsizlik qüvvələrinin vəziyyəti tam nəzarətdə saxlamaqda çətinlik çəkməsi ilə bağlı iddialar fonunda diqqətçəkən məlumatlar yayılır. Britaniyanın The Times qəzetinin kəşfiyyat hesabatına istinadən yayılan xəbərə görə, İranın ali rəhbəri Əli Xamenei ölkədə vəziyyətin nəzarətdən çıxacağı təqdirdə Moskvaya təxliyə olunma ehtimalını nəzərdən keçirir.
İran kimi sərt təhlükəsizlik sisteminə malik ölkədə ali rəhbərin ölkədən təxliyə planı hazırlaması nə qədər məntiqlidir? Xameneinin Moskvaya sığınması ssenarisi realdırmı, yoxsa bu daha çox informasiya müharibəsinin tərkib hissəsidir?
Bu barədə Moderator.az-a danışan politoloq Fəqani Məhərrməli deyib ki, 2022-ci ilin əvvəlində Rusiyanın mövcud beynəlxalq hüququ tapdalayaraq Ukraynaya hərbi təcavüz etməsi, Yalta konfransı ilə əsası qoyulmuş Dünya Nizamının bitdiyini əsaslı şəkildə ortaya qoydu:
“Yaxın Şərqdə, Cənubi Amerikada, eləcə də Uzaq Şərqdə baş verənləri Yeni Dünya Nizamının ayaq səsləri hesab edə bilərik. Təəssüf ki, qlobal dəyişikliklərin bütün dövrlərində katalizatoru qanlı savaşlar, pandemiyalar, iqtisadi-sosial böhranlar olmuşdur. Tarix bizə bunu dəfələrlə göstərib. İranda baş verən son hadisələrə də məhz bu konteksdə yanaşılmalı və təhlil edilməlidir. Eyni zamanda İrandakı etirazlar yeni deyil, üç il əvvəl də aylarla davam edən geniş xalq etirazları baş vermişdir.
Lakin İranın dini rəhbərliyi bu etirazları ciddiyə almaq yerinə ayrı-ayrı ölkələri ittiham etmək xətti tutdu ki, bunun da ciddi yanlış siyasət olduğu bu günlərdə bir daha ortaya çıxdı. İranda baş verən son etirazlar, siyasi iqtidarla dini rəhbərlik arasında pərdəarxasında gedən gizli savaşın açıq müstəviyə keçməsinə şərait yaratdı. Dini rəhbərliyin əksinə, İran Prezidenti Məsud Pezekşian xalq etirazlarını dəstəklədi və etirazların səbəkarlarını xaricdə deyil, daxildə axtarmağın daha faydalı olacağını bəyan etdi.
Bu etirazlar və qarşıdurmalar fonunda Böyük Britaniyanın The Times qəzetinin kəşfiyyat məlumatlarına istinadən yaydığı xəbərdə İranın dini lideri Əli Xamneinin Moskvaya qaçacağı və yaxud sığınacağı ilə bağlı iddialar ciddiyyətini qorumaqdadır. Belə ki, Kremlin nəzarətində olan populyar media orqanlarının bu xəbəri tirajlaması, yazılanların heç də informasiya savaşı olmadığını, real ssenarilərdən biri olduğunu göstərir. İran bir dəyişiklik yoluna girib və düşünürəm ki, dəyişəcək. Əks təqdirdə dəyişikliklərə dirənən rejim İran və region üçün böyük problem olmağa davam edəcək".
Mehin Mehmanqızı