Mətbuat nümayəndələrinin suallarına verilən cavablarda Prezident İlham Əliyev açıq şəkildə vurğuladı ki, Azərbaycanın xarici siyasəti emosiyalara deyil, milli maraqlara əsaslanır. Məhz bu yanaşma həm qonşu dövlətlərlə münasibətlərdə, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıqda balanslı və praqmatik xəttin qorunmasını təmin edib.
İlin yekunları ilə bağlı müzakirələrdə diplomatik gündəmin xüsusi yeri vardı. Prezidentin cavabları göstərdi ki, Azərbaycan artıq proseslərə reaksiya verən deyil, onu formalaşdıran aktor kimi çıxış edir. Regional kommunikasiyaların açılması, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirak isə bu strategiyanın əsas dayaqları kimi çıxış edir.
Onun diqqətlə seçilmiş diplomatik tonu nə ultimativ idi nə də müdafiə mövqeyində çıxış etmirdi.Bu isə Azərbaycanın bizim hər birimizə yaxşı bəlli olan siyasi çəkisini və özünəinamını əks etdirən bir tərzlə izah olunur. Prezidentin mətbuatla dialoqunda bu nüanslar həm yerli, həm də beynəlxalq auditoriyaya ünvanlanmış aydın mesajlarda diqqəti cəlb edirdi.
Daxili siyasətlə bağlı suallara cavablarında sosial rifah, iqtisadi dayanıqlıq və idarəetmədə effektivlik mövzularını ön plana çıxarmaqla dövlətin vətəndaş qarşısında məsuliyyət daşıdığı, lakin bu məsuliyyətin qarşılıqlı etimada əsaslandığı vurğulandı.
2025-ci ilin nəticələri kontekstində islahatların mərhələli xarakter daşıması, sosial proqramların ünvanlılığı və institusional sabitliyin qorunması da əsas tezislərdən biri oldu.
Onun rasional optimizm yaradan mesajlarla müşayiət edilən emosional tonu inam, qətiyyət və gələcəyə əminlik ifadə edirdi. Adi və sadə dillə desək, mətbuat nümayəndələri ilə dialoqda cənab Prezidentin sərgilədiyi emosional komponent xüsusilə diqqətçəkən idi.Onun cavablarında pafosdan uzaq, lakin inamlı və qətiyyətli ton hiss olunurdu. Mənə görə bu, lider-vətəndaş münasibətlərində formalaşmış möhkəm əks əlaqə və sarsılmaz psixoloji bağın təzahürü kimi dəyərləndirilməlidir.
2025-ci ilin yekunlarına dair səsləndirilən fikirlərdə hər zamankı kimi gələcəyə yönəlik mesajlar üstünlük təşkil edirdi. Bu ilk növbədə sabitliyin qorunması, hədəflərin aydınlığı və dövlətin uzunmüddətli inkişaf strategiyasından geri çəkilməməsidir.
Müsahibəni izlədikdən dərhal sonrakı ilkin qənaətlərimi yekunlaşdıraraq demək istərdim ki, Prezident İlham Əliyevin ənənəvi çərçivələri aşan siyasi kommunikasiya modeli diplomatik balans, siyasi ardıcıllıq və emosional ölçüsü baxımından unikal təsir gücünə malik idi.
Digər bir tərəfdən bu dialoq göstərdi ki, Azərbaycan rəhbərliyi üçün mətbuatla ünsiyyət bir qayda olaraq yalnız informasiya ötürülməsinə deyil, eyni zamanda strateji mövqelərin izahı, ictimai rəyin istiqamətləndirilməsi və milli inamın möhkəmləndirilməsi məqsədinə xidmət edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31