“Federasiyamız da Tarakanovun fəaliyyətindən razı idi”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan Güləş Federasiyasında (AGF) yunan-Roma güləşi üzrə koordinator vəzifəsində çalışan Rafiq Hüseynov deyib.

O, baş məşqçi Aleksandr Tarakanovun milli komandadan ayrılmasına münasibət bildirib:

“Tarakanov güclü məşqçi və peşəkar mütəxəssis idi. Onun rəhbərliyi dövründə komanda olaraq kifayət qədər yaxşı nəticələr əldə etmişdik. Mən özüm də həmin dövrdə iki dəfə dünya, iki dəfə Avropa çempionu olmuşam. Həmçinin  Olimpiya Oyunlarının bürünc medalını qazanmışam. Düşünürəm ki, Tarakanov Azərbaycanın güləş tarixində ən uğurlu məşqçilərdən biri olub. Əldə etdiyi nəticələr bunu deməyə tam əsas verir”.

Hüseynov rusiyalı mütəxəssisin işinə olduqca məsuliyyətli yanaşdığını qeyd edib: “Yaşca məndən xeyli böyük olmasına baxmayaraq, aramızda həmişə yaxın dost münasibətləri olub. Lakin məşq prosesində olduqca  qəddar məşqçi idi. Məşqlərə çox ciddi yanaşır, verdiyi tapşırıqların 100 faiz dəqiqliklə yerinə yetirilməsini tələb edirdi. Güləşi dərindən bilən mütəxəssis idi və mən hər zaman onun dəstəyini hiss etmişəm. Həm öz adımdan, həm də komanda adından Tarakanova təşəkkür edirəm”.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan Aleksandr Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, "Tokio-2020" və "Paris-2024" Yay Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.