Telefon fırıldaqçıları süni intellektin köməyi ilə Almaniya polis rəisinin səsini kopyalayaraq onun anasını qurban seçiblər.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Hadisə Baden-Vürtemberq əyalətinin Lar şəhərinin 100 nəfərlik polis idarəsinin rəisi Syuzanna Ştoydtenin ailəsində baş verib.
Dələduzlar rəisin mehriban və yumşaq səs tonunu süni intellekt vasitəsilə kopyalayaraq anasını tələyə salmağa çalışıblar.
Müstəntiqlər cinayətkarların bu üsulunu “deep-fake audio” və ya “səsin klonlanması texnologiyası” adlandırırlar. Səsi kopyalamaq üçün süni intellektə çox vaxt cəmi bir neçə saniyəlik audio material kifayət edir.
Cinayətkarlar telefonda özlərini qurbanın oğlu, qızı və ya nəvəsi kimi təqdim edərək pul tələb edir və psixoloji təzyiq göstərirlər.
“Badische Zeitung”un məlumatına görə, Suzanna Ştoydten fırıldaqçıların onun səsini daha əvvəl radioda verdiyi müsahibədən götürdüklərini ehtimal edir.
Ötən ilin may ayında anasının telefonu zəng çalanda xəttin digər ucundakı səs doğma qızının səsi kimi səslənib. Fırıldaqçılar yaşlı qadına o qədər inandırıcı təzyiq göstəriblər ki, o, pulu götürmək üçün banka yollanıb.
Polis nümayəndəsi Yannik Hilqerin sözlərinə görə, Ştoydtenin anası bankda olarkən və tələb olunan məbləği çıxarıb fırıldaqçılara verməyə çox az qalmış xoşbəxtlikdən nəsə səhv olduğunu anlayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az