AZ

ABŞ-ın "Maduro" əməliyyatı: Əhali məmnun, qlobal güclər isə narahatdır...

Hazırda dünya gündəmini zəbt edən əsas mövzulardan biri Venesuelada baş verən proseslərdir. Daha dəqiq desək, ABŞ prezidenti Donald Trampın göstərişi ilə Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının iqamətgahlarından qaçırılmasıdır. Düzdür, bu ABŞ tarixində ilk belə hadisə deyil. Panamanın de-fakto hərbi lideri Manuel Antonio Noryeqa, həmçinin İraq prezidenti Səddam Hüseyn də ABŞ hərbçiləri tərəfindən tutulub və mühakimə edilib.

Venesueladakı proseslərdə diqqətçəkən məqamlardan biri də ölkə prezidenti qaçırılan zaman ordunun müdaxiləsinin sıfır dərəcəsində olmasıdır. Doğrudur, “Delta” xüsüsi təyinatlıları Maduronu ələ keçirərkən lokal müavimətlə qarşılaşıb, lakin ümumilikdə götürsək, ciddi müqavimət olmayıb. Buna “Delta” üzvlərinin itki verməməsini də sübut kimi götürə bilərik.

Əməliyyat zamanı Kuba silahlı qüvvələri və kəşfiyyat orqanlarının 32 əməkdaşı həlak olub. Qeyd edək ki, Donald Tramp bir həftə əvvəl Maduro ilə telefon danışığında onu təslim olmağa çağırıb. Görünür, Maduro bu çağırışa ciddi yanaşmayıb. Tramp Maduronun tutulmasından sonra verdiyi açıqlamada, müqavimət göstərəcəyi halda Maduronun öldürülə biləcəyini də istisna etməmişdi.

Nikolas Maduronun xalq arasında ciddi nüfuzunun olmaması da hadisələrin gedişinə ciddi təsir etdi. Belə ki, ölkədə diktator kimi məşhur olan prezidentin plakatları olaydan dərhal sonra əhali tərəfindən söküldü. Bu da Maduronun xalq arasında nə qədər az nüfuza malik olduğunu göstərdi.

Son məlumatlara görə, Venesuelada polisə Maduronun tutulmasında ABŞ hərbçilərinə kömək edənlərin həbs edilməsi göstərişi verilib. Maduro və xanımı helikopterlə qolu qandallı şəkildə və həbsxana paltarında məhkəməyə gətirildi. Ötən gün Nyu-Yorkda Venesuela prezidenti Nikolas Maduronun işi üzrə məhkəmə prosesi keçirildi. ABŞ tərəfinin irəli sürdüyü ittihamlara əsasən, Maduro narkoterrorizm, qanunsuz silah dövriyyəsi və digər ağır maddələr üzrə məsuliyyətə cəlb olunub. Məhkəmə iclasında çıxış edən Nikolas Maduro ittihamları qətiyyətlə rədd edib və özünü günahsız hesab etdiyini bildirib. 

Baş verən hadisələrin pərdəarxasında ABŞ-ın Venesuela neftinə daha asan yolla sahib olmaq istəyi durur. Belə ki, Tramp böyük ABŞ şirkətlərinin Venesiyada neft sənaye infrastrukturunu bərpa edəcəyini açıqlayıb. Venesuelanın əsas müttəfiqlərinin də baş verən olaylara reaksiyası özünü çox gözlətməyib. Çin ABŞ-ın bu addımını “beynəlxalq hüquq və beynəlxalq münasibətləri tənzimləyən əsas normaların açıq şəkildə pozulması” kimi qiymətləndirib. Rəsmi Tehranın reaksiyası isə “Bu, qürur duyulacaq bir şey deyil, bu, qanunsuz hərəkətdir” şəklində olub. Rusiya da digər müttəfiqlərlə oxşar münasibət sərgiləyib. Belə ki, Rusiya XİN ABŞ-ın “silahlı hücumundan” narahat olduğunu bəyan edib.

BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Venesuelada qeyri-sabitliyin artması ilə bağlı narahatlıq ifadə olunub.

Malik Liftiyev,

Sitat.info

Seçilən
24
1
sitat.info

2Mənbələr