AZ

Papuaşvili: “Aİ beynəlxalq nizamın təminatçısı kimi artıq mövcud deyil”

Avropa İttifaqı artıq beynəlxalq nizamın təminatçısı və qlobal geosiyasi oyunçu rolunu itirib.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib. Onun sözlərinə görə, Venesuelada cəmi bir neçə dəqiqə ərzində həyata keçirilən əməliyyat bu reallığı bir daha açıq şəkildə ortaya qoyub.

Papuaşvili bildirib ki, baş verənlər Avropa İttifaqının beynəlxalq nizamın qorunmasında aciz qaldığını və gələcəkdə də bu rolu bərpa etməsinin çətin olduğunu göstərir:

“Venesuelada həyata keçirilən əməliyyat təsdiqlədi ki, Avropa İttifaqı beynəlxalq nizamın təminatçısı və dünya geosiyasətində əsas oyunçu kimi artıq mövcud deyil və görünən odur ki, bir daha da bu mövqeyə qayıtmayacaq”.

O, vurğulayıb ki, Brüssel lazım gəldikdə qlobal nizamın pozulmasından çəkinmir və bundan öz maraqları naminə istifadə edir. Papuaşvilinin fikrincə, Avropa İttifaqının Gürcüstana münasibətdə beynəlxalq hüququ pozan addımları buna bariz nümunədir.

Parlament sədri qeyd edib ki, Gürcüstan hakimiyyətinin əsas prioritetləri dəyişməz olaraq qalır:

“Gürcüstan hakimiyyətinin iki əsas vəzifəsi var: ölkənin ərazi bütövlüyünün bərpası və gürcü xalqının rifahının təmin olunması”.

Onun sözlərinə görə, ərazi bütövlüyü uğrunda mübarizədə siyasi sentimentallara və illüziyalara yer yoxdur. Papuaşvili əlavə edib ki, Gürcüstanın ərazi bütövlüyünü tanımayan dövlətlər və hakimiyyətlər heç vaxt gürcü xalqının dostu ola bilməz: “Bu, fundamental bir həqiqətdir.”

Seçilən
88
nocomment.az

1Mənbələr