“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2024-cü ili 14.5 mln. manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2023-cü illə müqayisədə 29.19 mln. manat və ya təxminən 67% azdır. Halbuki, 2023-cü ildə şirkətin xalis mənfəəti 43.69 mln. manat təşkil etmişdi.
Banker.az xəbər verir ki, mənfəətdəki azalmanın əsas səbəbləri əməliyyat zərərinin formalaşması, maliyyə xərclərinin artması və “sair” əməliyyat xərclərinin yüksəlməsi olub.
2024-cü ildə ASCO-nun konsolidə edilmiş gəlirləri də illik müqayisədə azalıb. Hesabat ilində ümumi gəlirlər 398.08 mln. manat təşkil edib ki, bu da 2023-cü ildə qeydə alınmış 424.23 mln. manatla müqayisədə 26.15 mln. manat və ya 6.2% azalma deməkdir.
Gəlir strukturu üzrə ən böyük payı təşkil edən yük və sərnişin daşımalarından daxilolmalar 2024-cü ildə 221.61 mln. manat olub. Bu göstərici əvvəlki ildəki 239.77 mln. manatla müqayisədə 18.16 mln. manat azalıb. Ofşor dəstək xidmətləri üzrə gəlirlər də geriləyərək 177.73 mln. manatdan 166.14 mln. manata düşüb ki, bu da 11.6 mln. manatlıq azalma deməkdir.
Bununla yanaşı, agent xidmətləri üzrə gəlirlər 0.61 mln. manatdan 3.03 mln. manata yüksəlib və bu istiqamətdə ciddi artım qeydə alınıb. Təhsil haqları üzrə gəlirlər 2.06 mln. manatdan 2.4 mln. manata qalxıb. Digər gəlirlər isə 4.06 mln. manatdan 4.92 mln. manata yüksəlib.
2024-cü ilin sonuna şirkətdə çalışan tam ştatlı işçilərin sayı 7 757 nəfər olub ki, bu da 2023-cü illə müqayisədə 52 nəfər azdır. İşçi sayı azalsa da, ASCO-nin əməkhaqqı xərcləri isə son bir ildə 193.98 mln. manatdan 197.16 mln. manata yüksəlib.