AZ

Rza şahın əmrilə kitabı yandırılan mühacir - FOTO

BAKI, 6 yanvar. TELEQRAF

1920-ci ildə Azərbaycan Cümhuriyyətinin işğalından sonra görkəmli ictimai-siyasi xadimlərimizin bir qismi Güney Azərbaycana və İrana mühacirət etməli oldular. Təbriz, Ərdəbil, Rəşt, Tehran, Ənzəli və digər şəhərlərdə yaşayan bu mühacirlərin bəziləri Azərbaycanın yenidən istiqlal savaşına qatıldı, bəziləri isə öz ixtisasları üzrə fəaliyyət göstərdilər. Həmin illərdə İrana köçən tanınmış azərbaycanlılardan biri də Avropada təhsil almış Dr. Əbdülxalıq Axundzadə idi.

Ə. Axundzadə haqqında indiyədək bir neçə məqalə yazılsa da, onun təhsil həyatı və Bakıdakı fəaliyyəti haqqında ən qiymətli yazı akademik Misir Mərdanovla professor Ədalət Tahirzadənin hazırladıqları “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” adlı kitabın birinci cildində yer alıb. Müəlliflər birbaşa Axundzadənin təhsil aldığı universitetin arxivindəki sənədlərdən istifadə edərək onun portretini tam şəkildə yarada biliblər.

Bu yaxınlarda “Odlar yurdu” qəzetinin nüsxələrini gözdən keçirərkən Ə. Axundzadənin oğlunun atası haqqında yazdığı bir məqaləyə rast gəldim. Bu yazıda mühacirin İrandakı fəaliyyəti barədə məlum olmayan bəzi bilgilər vardı. Hər iki qaynaqdan yararlanaraq mühacirət tariximizin ən az öyrənilmiş qismi olan Güney Azərbaycan və İran mühacirətində yer almış görkəmli azərbaycanlının həyat hekayəsini ümumiləşdirməyə çalışdıq.

Mirzə Əbdülxalıq Axundzadə 13 dekabr 1863-cü ildə Bakıda doğulub. Atası Hüseyn dəmirçi olub. O, əvvəlcə xüsusi bir məktəbdə, daha sonra Mirzə Həsib Qüdsinin (1828–1908) mədrəsəsində oxuyub. Ərəb və fars dillərini, Serebyakov adlı şəxsin köməyilə rus dilini öyrənib. 1877–1884-cü illərdə Bakı edadi məktəbində təhsilini davam etdirib. Tibb təhsili almaq üçün Almaniyaya gedərək 1885-ci il aprelin 15-də Berlin şəhərindəki Fridrix Vilhelm Universitetinə daxil olub. Beşinci semestri bitirdikdən sonra Erlangen şəhərində yerləşən Fridrix Aleksandr Universitetində təhsilini davam etdirib və üç semestr burada oxuyub. 13 iyun 1888-ci ildə yazdığı elmi əsəri Erlangen Universitetinə təqdim edib. İmtahanları uğurla verib və elmi işini müdafiə etdikdən sonra Rusiyaya qayıdıb. 28 avqust 1889-cu ildə Dorpat şəhərindəki Kayzer Universitetinə qəbul olunub. 14 yanvar 1891-ci ildə dövlət imtahanını verib və həmin ilin iyun ayında universiteti bitirib. O, X əsr əttarlarından Əl-Hirovinin 466 bitki və 44 heyvan mənşəli dərmanın hazırlanmasına dair əsərini klassik ərəb dilindən alman dilinə çevirib və şərhlər yazaraq dissertasiyasını hazırlayıb. Dissertasiyanı 1892-ci ildə Dorpat Universitetinə təqdim edib və 28 mart 1892-ci ildə müdafiə edib. Axundzadə Bakıya dönərək burada ilk göz xəstəlikləri məntəqəsini açıb. Bakıda Bekov soyadlı bir yəhudi provizorla dostlaşaraq onun qızı Fatmaxanımla (müsəlmanlığı qəbul etdikdən sonrakı adıdır) ailə qurub. XIX əsrin sonlarında Bakıda iki aptek açan Axundzadə həmçinin həkim Məhəmmədrza Vəkilovla birlikdə Azərbaycanda ilk ruhi xəstəliklər müalicəxanasının yaradıcılarından biri olub. O, 24 aprel 1892-ci ildə açılan bu xəstəxanada 1903-cü ilə qədər çalışıb. 1896-cı ildə tacir İsgəndər bəy Məlikov və müəllim Sultanməcid Qənizadə ilə birlikdə Bakıda ilk kütləvi kitabxananı açıb. O, həmçinin “Həyat” və “Təkamül” qəzetlərində məqalələr yazıb, “Zənbur” jurnalının naşiri olub. Axundzadə “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin (1905), “Nəşri-Maarif” Cəmiyyətinin (1906), “Səadət” Xeyriyyə Cəmiyyətinin (1907) qurucularından biri olub və bu cəmiyyətin katibi vəzifəsini icra edib. 1914-cü ildə Bakı Şəhər Dumasının deputatı seçilib. Həkim kimi də maarifçilik fəaliyyəti ilə məşğul olan Axundzadə 1914–1919-cu illərdə bir sıra tibb kitablarının müəllifi olub: “Müalicə kitabı” (1914), “Uşaq hifzi-sihhəsi” (1916), “Həzm üzvlərinin azarları” (1919) və s.

Rusiyanın Azərbaycanı işğalından sonra o, Güney Azərbaycana köçüb, əvvəlcə Rəşt və Ərdəbildə, daha sonra isə Tehranda yaşayıb və həkimlik fəaliyyəti ilə məşğul olub. Axundzadənin oğlu Teymur Bulat atasının İrandakı fəaliyyəti haqqında bəzi bilgilər verib: “Sovet istilasından sonra Ə. Axundzadə İrana getmiş, Rəştdə bir xəstəxana açmış, yoxsulları pulsuz müalicə etmişdir. Burada o, farsça “Sihhi-hifzeyi-nisvan” (“Qadınların sağlamlığı”) adlı kitabını yazmış, öz hesabına nəşr etmişdir. Ə. Axundzadə İranda türkcə “Həsən Çavuş” adlı tarixi bir roman da yazmışdır. Lakin o əsər Rza Pəhləvinin əmrilə türkcə digər kitablarla birlikdə Təbrizdə xalqın gözü qarşısında yandırılmışdır”.

T. Bulat atasının Bakıdakı həyatı barədə də önəmli bilgilər verib: “İkinci ali təhsilini başa vuran doktor Axundzadə Bakıya qayıtmışdır. Lakin həmin vaxt Bakıda İran vasitəsilə Hindistandan keçən qorxunc vəba xəstəliyi yayılmışdı. Sayı onsuz da az olan həkimlərin çoxu şəhəri tərk etmişdi. Belə bir şəraitdə Ə. Axundzadə fəaliyyətə başlamış və epidemiyaya qalib gəlmişdir. Onun xidməti şəxsən II Nikolay tərəfindən yüksək qiymətləndirilmiş, nəsillikcə olmaq üzrə ona əsalət ünvanı – “dvoryan çini” (“zadəgan rütbəsi”) verilmişdir… Həyatının Bakı dövründə Ə. Axundzadə ədəbi əsərlər də yazmışdır. Onun “Əvvəli hənək, sonu dəyənək” adlı üç pərdəli komediyası Bakıda tamaşaya qoyulmuşdur. O, həmçinin “Zənbur” jurnalının fəaliyyətini maliyyələşdirmişdir. “Zənbur”un xüsusi bir nömrəsini çar hakimiyyət orqanlarının daima quldur kimi qələmə verdiyi Şeyx Şamilə həsr etmişdir. Bu hərəkət dağıstanlıların çox xoşuna gəlmiş və doktora süngülü bir zərif əsa hədiyyə göndərmişlər. Bir erməni terrorçusu Axundzadənin həyatına sui-qəsd etmək istəyərkən həmin süngülü əsa sayəsində doktor ölümdən qurtarmışdır”.

Bulatın yazdığına görə Dr. Əbdülxalıq Axundzadə 1944-cü ildə İranda vəfat edib, böyük mərasimlə Qum şəhərində dəfn olunub.

Seçilən
60
teleqraf.com

1Mənbələr