ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuelada yaxın 30 gün ərzində yeni seçkilər keçirilməyəcək.
"Cebheinfo.az" xəbər verir ki, “NBC News”-a verdiyi müsahibədə Tramp, ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronun nəzarətə alınmasından sonra Vaşinqtonun bu ölkədəki rolunun uzunmüddətli olacağını deyib.
Venesuelada bir ay ərzində seçkilərin keçirilməyəcəyini vurğulayan Tramp, “Əvvəlcə ölkəni düzəltməliyik. Seçki keçirmək mümkün deyil. Xalqın səs verməsi üçün şərait yoxdur”, - deyə bildirib.
Tramp seçkilərin keçirilməsi üçün “ölkənin sabitliyə qovuşması və müəyyən bir prosesdən keçməsi lazım olduğunu” qeyd edib. ABŞ-nin Venesuela ilə müharibə vəziyyətində olduğu iddialarını rədd edən Tramp, “Biz narkotik satanlarla mübarizə aparırıq. Həbsxanalarını, narkotik asılılarını və ruhi xəstələri ölkəmizə göndərənlərlə mübarizə aparırıq”, - deyə əlavə edib.
Tramp həmçinin bildirib ki, ABŞ Venesuelanın enerji infrastrukturunun yenidən qurulması üçün neft şirkətlərinin həyata keçirəcəyi layihələri subsidiyalaşdıra bilər və bu layihə 18 aydan az müddətdə başa çata bilər.
“Böyük miqdarda vəsait xərclənəcək. Bu vəsaiti neft şirkətləri sərf edəcək, sonra isə ya biz, ya da əldə ediləcək gəlirlər vasitəsilə onlara geri ödəniş ediləcək”, - deyə Tramp vurğulayıb.