Azərbaycanın ordu siyasəti qlobal sistemə fundamental mesajlar verir
Otuzillik Qarabağ münaqişəsi açıq şəkildə nümayiş etdirdi ki, müasir beynəlxalq sistemdə hüquq artıq ədaləti təmin edən işlək mexanizm statusunu itirib və siyasi proseslərə real təsir imkanları məhdud formal normativ çərçivəyə çevrilib. Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən onlarla beynəlxalq sənəd, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə müxtəlif beynəlxalq tribunalların qərarları “27 sentyabr fazası”na qədər faktiki icra mexanizmi olmayan normativ bəyannamələr kimi qaldı. İşğal faktı yalnız real güc amili tətbiq edildiyi zaman aradan qaldırıldı. Qarabağ təcrübəsi göstərdi ki, mövcud beynəlxalq arxitekturada hüquq suverenliyi qoruya bilən dayağa çevrilmir. Suverenlik bu sistemdə yalnız öz sahibinin iradəsi, resurs potensialı və güc arxitekturası üzərindən qorunur.
Bu, Prezident İlham Əliyevin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində açıq ifadə olunur:
“Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib”.
Bu fikirlər qlobal sistemin siyasi diaqnozudur. Beynəlxalq hüquq artıq qoruyucu qalxan rolunu, qətnamələr real təsir gücünü itirib, qərarlar icra mexanizmi olmayan sənədlərə çevrilib, BMT tribunasından səslənən çağırışlar həmin divarlar arxasında qalır.
Demək yerinə düşər ki, son beşillik mərhələ rəsmi Bakının təhlükəsizlik düşüncəsinin planlı və ardıcıl şəkildə institusionallaşdırıldığı dövr kimi formalaşıb. Bu mərhələ proqnozlaşdırılan reaksiyalar üzərindən deyil, əvvəlcədən hesablanmış, uzunmüddətli strateji xəttə söykənən qərar arxitekturası ilə xarakterizə olunur. Prezident İlham Əliyevin müraciətində səsləndirdiyi tezislər bu modelin əməliyyat müstəvisində artıq tamamlanmış fazaya daxil olduğunu açıq göstərir: “Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda, xaricdən aldığımız silah və texnikanı ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə artıra bildik. Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir”.
Bu, artıq əməliyyat mühitində təsdiqini tapıb. Silahlı Qüvvələr keyfiyyət parametrləri baxımından yeni mərhələyə yüksəlib. Struktur mexanizmləri yenilənib, Komanda–idarəetmə arxitekturası çevikləşdirilib, döyüş hazırlığı müasir əməliyyat modellərinə uyğunlaşdırılıb. Texnologiya isə təhlükəsizlik arxitekturasının əsas dayaqlarından birinə çevrilib. Bu səbəbdən ötən il noyabrın 8-də tarixi Zəfərin beşinci ildönümünə həsr edilən hərbi parad Azərbaycanın son illər formalaşdırdığı təhlükəsizlik arxitekturasının əyani təqdimatı oldu. Meydana çıxarılan şəxsi heyət və texnika ordunun mövcud güc konfiqurasiyasını nümayiş etdirdi. Parad kolonnalarında T-72M1 və T-90S tankları, BTR-82A zirehli transportyorları, piyadaların döyüş maşınları, xüsusi əməliyyat nəqliyyat vasitələri “VAŞAQ”, zirehli tibbi təxliyə maşınları “COBRA-II”, tank əleyhinə “SKİF” raket kompleksləri, eləcə də hava hücumundan müdafiə xəttini formalaşdıran “S-125 TM”, “BUK-MB”, “S-300 Favorit” və “TOR-2M” sistemləri yer aldı. Bu xətt paradı siyasi məna verən güc vitrininə çevirdi. Sərgilənən arsenal bölgədə formalaşan hərbi balansın konturlarını açıq göstərdi. Təqdim olunan imkanlar isə Azərbaycanın təhlükəsizlik xəritəsində tutduğu mövqenin real çərçivəsini ortaya qoydu.
Son illər müdafiə sənayesi xəttində istehsal imkanları genişləndirilib və milli platformalar döyüş arsenalına mərhələli şəkildə daxil edilib. Xaricdən əldə olunan müasir texnoloji sistemlər vahid əməliyyat məkanına inteqrasiya olunub. Təchizat arxitekturası yenidən qurulub, döyüş hazırlığı mexanizmləri daimi nəzarət rejiminə keçirilib. Xüsusi Təyinatlı Bölmələrin struktur tərkibi genişləndirilib, yeni Komando Qüvvələri formalaşdırılıb. İlk komando hərbi hissəsi 2021-ci il dekabrın 21-də Hadrut istiqamətində azad edilmiş ərazilər üzrə əməliyyat mühiti nəzərə alınaraq yaradılıb. Altı ay sonra Kəlbəcər bölgəsində növbəti komando birləşməsinin açılışı həyata keçirilib. Bu mərhələlər ordu strukturunda keyfiyyət transformasiyasının əsas fazalarından biri kimi dəyərləndirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2023-cü il iyunun 23-də Silahlı Qüvvələr Günü ərəfəsində növbəti komando hərbi hissəsinin açılışında səsləndirdiyi fikirlər bu reallığı siyasi səviyyədə dəqiqləşdirdi: “Bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür”.
Prezident İlham Əliyev xalqa Yeni il müraciətində açıq şəkildə bildirdi ki, Azərbaycan yeni müharibə ssenariləri axtarmır, silahlı qarşıdurmalar mərhələsi artıq geridə qalıb. Lakin müasir beynəlxalq mühitdə hər bir dövlət öz təhlükəsizlik arxitekturasını real risklər üzərindən qurmağa məcburdur. Silahlanma tempinin yüksəldiyi, geosiyasi blokların sərtləşdiyi, regional risklərin çoxaldığı konfiqurasiyada hazırlıqsız qalmaq strateji boşluq yaradır. Dövlət bu şəraitdə öz suverenliyini və ərazi bütövlüyünü normativ bəyanatlar üzərindən deyil, real imkanlar üzərindən qoruyur. Vətən müharibəsində əldə edilən nəticə bu modelin əməliyyat müstəvisində işləkliyini təsdiqləyib.
Bu gün Azərbaycan regionda balans formalaşdıran aparıcı aktor statusunda çıxış edir. Mövcud mövqe ardıcıl güc quruculuğu strategiyasının məhsulu kimi formalaşıb və gələcək nəsillər üçün təhlükəsizlik baxımından dayanıqlı miras yaradır.
Arzu NAĞIYEV,
Milli Məclisin deputatı
Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Qlobal qaydalar zəiflədikcə, beynəlxalq hüququn normativ çərçivəsi selektiv şəkildə tətbiq olunduqca, dövlətlərin təhlükəsizlik anlayışı mahiyyətcə dəyişir. Prezidentin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində yer alan fikirlər məhz bu reallığın fonunda Azərbaycanın son beş ildə keçdiyi hərbi-siyasi yolun həm yekunu, həm də gələcəyə yönəlik strateji baxışının ifadəsidir.
Sözsüz ki, burada söhbət təkcə silahlanmadan, texniki modernizasiyadan getmir. Ölkə başçısı, əslində, bu çıxışı ilə təhlükəsizlik anlayışının yeni dövrdə necə qəbul olunduğuna dair konseptual mesaj verir. Prezidentin vurğuladığı əsas məqamlardan biri Azərbaycan Silahlı Qüvvələrinin son beş ildə keçdiyi keyfiyyət sıçrayışıdır. Ordunun yeni silah və texnika ilə təchiz olunması hərbi transformasiyanın təzahürüdür. Yerli hərbi sənaye məhsullarının döyüş arsenalına daxil edilməsi, paralel şəkildə xaricdən alınan yüksəktexnologiyalı silah sistemləri ilə inteqrasiya olunması Azərbaycan Ordusunun çoxşaxəli və çevik strukturunu formalaşdırıb.
Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan silahlanmanı vasitə kimi görür. Məqsəd isə təhlükəsizliyin təminatı və siyasi seçimlərin qorunmasıdır. Ölkə başçısının qeyd etdiyi Xüsusi Təyinatlı Qüvvələrin say tərkibinin bir neçə dəfə artırılması və yeni yaradılmış Komando Qüvvələrinin minlərlə əsgər və zabiti əhatə etməsi Azərbaycan Ordusunun həm klassik müdafiə, həm də qeyri-konvensional təhlükələrə cavab vermək qabiliyyətini gücləndirib. Məhz bu reallıq regional təhlükəsizlik mühitində ciddi balans yaradan faktordur.
Ölkə başçısının da qeyd etdiyi kimi, bu gün beynəlxalq hüquq çox zaman siyasi maraqların kölgəsində qalır və “kim güclüdürsə, o da haqlıdır” prinsipi faktiki davranış modelinə çevrilir. Belə bir mühitdə neytrallıq və ya zəiflik təhlükəsizlik təminatı üçün riskə çevrilir. Azərbaycan bu reallığı vaxtında dərk edərək özünün təhlükəsizlik arxitekturasını real güc balansı üzərində qurur.
Tacir SADIQOV
XQ