"2026-cı il üçün prioritetlərimiz davamlı inkişaf, gənclərin gücləndirilməsi, ətraf mühitin qorunması və yaşıl enerji üzərində qurulub. Birincisi, ətraf mühit layihələrini inkişaf etdirəcəyik – Mingəçevirdə daha çox ağac əkmə və ekoloji maarif kampaniyaları. İkincisi, davamlı tədbirlər sahəsində yenilik gətirəcəyik: dövlət, qeyri-dövlət və kommersiya qurumları üçün "Davamlı Tədbirlər Bələdçisi"ni hazırlayıb tətbiqinə nail olmağı hədəfləyirik".
Bu fikirləri “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti, Əməkdar jurnalist Fərman Nəbiyev QHT.az-a bildirib. Onun sözlərinə görə, bu bələdçi tədbirlərdə plastik istifadəsinin azaldılması, enerji qənaəti, tullantı idarəçiliyi kimi praktik tövsiyələri əhatə edəcək və QHT-lərin ekoloji izini minimuma endirməyə kömək edəcək. Üçüncüsü, Avropa İttifaqı və GİZ-in (Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) dəstəyi ilə "Günəşdən işıq və isti su alan şəhər" adlı iki illik layihənin icrasına başlamaq niyyətindəyik:
"Bu layihə Mingəçevirdə günəş enerjisindən istifadəni genişləndirərək, ictimai binalarda və evlərdə günəş panelləri vasitəsilə işıqlandırma və isti su təchizatını təmin etməyi hədəfləyir, bu da şəhəri daha davamlı və yaşıl etməyə xidmət edəcək. Bundan əlavə, beynəlxalq əməkdaşlığı gücləndirəcəyik, xüsusilə Türk Dövlətləri QHT platforması və UN ilə 2026-2030 illər çərçivəsində. Bu prioritetlər Azərbaycanın milli prioritetləri ilə (məsələn, dayanıqlı şəhərlər və iqlim dəyişikliyi) tam uyğun gəlir. Ümumilikdə, QHT Agentliyinin qrant müsabiqələri və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə yeni layihələrə müraciət edəcəyik".