Bakı, 6 yanvar, AZƏRTAC
Yeni il gecəsi Qambiya sahillərində həddindən artıq yüklənmiş qayığın batması nəticəsində həlak olanların sayı 31 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, Qambiyanın Miqrasiya Departamentinin məlumatına görə, təxminən 200 sənədsiz miqrantı daşıyan qayıq dekabrın 31-də gecə saatlarında Qambiyanın şimal sahillərindən ayrılaraq qanunsuz olaraq İspaniyanın Kanar adalarına yola düşüb, lakin qısa müddət sonra qayaya çırpılaraq çevrilib. Qambiya Hərbi Dəniz Qüvvələri təhlükə siqnalı aldıqdan dərhal sonra yerli balıqçı gəmilərinin dəstəyi ilə axtarış-xilasetmə əməliyyatına başlayıb. Ümumilikdə 102 nəfər xilas edilib, onlardan 23-ü xəstəxanaya yerləşdirilib.
İndiyədək Qambiyada 15 nəfərin, qonşu Seneqalda isə 16 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlərin axtarışı davam edir.