AZ

Prezidentin icra hakimiyyətlərinin ləğvi təklifinə deputatdan reaksiya: “Keçid zəruridir”

“Cənab Prezidentin yerli televiziya kanallarına verdiyi geniş müsahibə demək olar ki, bütün sahələri əhatə etdi. Dövlət başçısı islahatlarla bağlı məsələlərə də toxundu. O, idaretmə sahəsində edilməsi gözlənilən yeniliklərə dair fikirlər səsləndirdi”.

Bu sözləri “Yeni Sabah”a Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Elman Məmmədov deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan xüsusi nümayəndəliklər olduqca səmərəli nəticələr göstərib:

“Qələbə ilə başa vurduğumuz Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda Prezidentin xüsusi nümayəndəlikləri yaradıldı. Mən onların fəaliyyəti və gördükləri işlərlə kifayət qədər tanışam. Həmin ərazilərlə əlaqələrim var və özüm də işğaldan azad olunmuş Xocalıdan olduğum üçün görülən işlərə daha yaxından bələdəm.

Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonları üzrə xüsusi nümayəndəliyin gördüyü işlər göz qabağındadır. Bunun kimi, yaxud buna bənzər idarəetmə üsulunun digər regionlarımızda da tətbiq edilməsi gözləniləndir. Bəzi deputat həmkarlarımız tərəfindən zaman-zaman bu məsələyə toxunulub”.

Deputat vurğulayıb ki, inzibati-ərazi üsulunun yenilənməsi dövrün aktual tələbləri sırasındadır:

“Fikirmcə, bu sahədə yenilik olacaq. Bu həm də müasir dövrün tələbidir. Yeni və müasir idarəetmə üsullarına keçid zərurətdir. Dövlət başçısı son müsahibəsində də buna dair bir sıra mesajlar verdi.

Ənənəvi rayon inzibati-idarə sistemi artıq köhnəlib və effektivliyini itirib. Ağdam, Laçın və Xankəndidə tətbiq edilən xüsusi nümayəndəliklər isə qısa müddət ərzində özünü doğruldub”.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 5-də televiziya kanallarına müsahibəsində yerli idarəetmə məsələlərisinə toxunub. Dövlət başçısı qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
66
yenisabah.az

1Mənbələr