Bakı, 6 yanvar, AZƏRTAC
Regional mobilik, regional inteqrasiyanı sürətləndirir. Gəncə-Mingəçevir və yeni istifadəyə veriləcək Gəncə-Qəbələ reysləri bunun bariz nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, dəmir yolu şəbəkəsinin genişlənməsi miqrasiyanı sürətləndirən əsas elementlərdə biri olacaq.
“Turizmlə yanaşı, iş, təhsil, səhiyyə kimi sahələr üzrə fərqli regionlarda işləyib, yaşamaq mümkün olacaq. Əsas məsələ odur ki, şəbəkəmiz daha çevik olsun. Bunun üçün daha qısa marşrutların formalaşması və yeni hərəkət tərkibinin əlavə olunması vacibdir. Ölkənin dəmir yolu şəbəkəsi hörümçək toru kimi bir-biri ilə əlaqələnməlidir. Bu həm logistikada, həm də mobillikdə önəmlidir. Ölkənin cənubundan qərbinə, şimaldan cənuba və cənub qərbə o, cümlədən fərqli istiqamətlərdə bu cür marşrutlar formalaşdırmaq lazımdır. Ölkənin dəmir yollarında böyük işlər görülür. Belə ki, şərq-qərb dəhlizi üzrə dəyişən cərəyana keçid təmin olunub”, - deyə R.Ağamirzəyev vurğulayıb.
Ekspert onu da əlavə edib ki, dəmir yolu şəbəkəsinin digər hissəsi hələ ki, sabit cərəyanlıdır: “Cənub istiqamətində olan dəmir yollarının çox hissəsi hələ elektrikləşdirilməyib. Ona görə dəyişən cərəyana keçid üçün müəyyən vaxt lazımdır. Dəyişən cərəyana uyğun hərəkət tərkibi yekun hədəfdir. Bu, həmçinin özündə 20 faiz daha ucuz daşınmanı ehtiva edir. Eyni zamanda, ekoloji cəhətdən təmizdir”.