AZ

Neftin qiymətinin aşağı düşməsi nə ilə bağlıdır? - AÇIQLAMA

İlin ilk həftəsindən etibarən qlobal neft bazarında qiymətlərin aşağı istiqamətli hərəkəti diqqət çəkir. Yeni ilin başlanğıcında qeydə alınan bu enmə tələbatın zəifləməsi yoxsa, bazarda təklifin artması və hasilatın genişlənməsi fonunda formalaşıb?

Bu barədə iqtisadçı Xalid Kərimli Missiya.Az-a danışıb.

"Mövcud reallıqlar göstərir ki, bu dövrdə neft qiymətlərinin enməsinin əsas səbəbi alternativ enerji mənbələrinin genişlənməsi deyil. Çünki dünyada neftə olan tələbat azalmayıb, əksinə, artmaqda davam edir. Dünya əhalisinin sürətlə çoxalması, iqtisadiyyatların böyüməsi və istehlakın genişlənməsi neftə əlavə tələbat yaradır. Alternativ enerji mənbələrindən istifadə artsa da, onların həcmi və stabilliyi hələlik qlobal neft tələbatını əvəzləyəcək səviyyədə deyil. Bu faktorlar daha çox orta və uzunmüddətli perspektivdə əhəmiyyət kəsb edir və son bir-iki ilin qiymət dinamikasına həlledici təsir göstərmir",-iqtisadçı qeyd edib.

Xalid Kərimlinin sözlərinə görə, hazırkı enmələrin əsas səbəbi qlobal miqyasda neft hasilatının artmasıdır. ABŞ və Kanada hasilatı genişləndirib, OPEC+ ölkələri isə əvvəlki dövrlərlə müqayisədə hasilat məhdudiyyətlərini mərhələli şəkildə aradan qaldıraraq bazara daha çox neft çıxarmağa başlayıblar. Nəticədə bazarda təklif artıb və bu da qiymətlərə aşağı yönlü təzyiq göstərib.

"Digər tərəfdən, yalnız bir xammal borusundan asılı olmaq neft ixrac edən ölkələr üçün ciddi iqtisadi risk yaradır. Buna görə də bu ölkələr iqtisadiyyatlarını diversifikasiya etməli, yüksək gəlirli dövrlərdə əldə edilən vəsaitləri ağıllı və strateji şəkildə yönəltməlidirlər. İnsan kapitalına investisiyalar artırılmalı, dayanıqlı və təkrar gəlir gətirən sahələr inkişaf etdirilməlidir. Paralel olaraq, idarəetmə sahəsində islahatlar aparılmalı, dövlət aparatı kiçildilməli, səmərəlilik və məsuliyyət artırılmalıdır. Qeyri-neft sektorunun inkişafı məhz bu yanaşmanın əsas nəticəsi kimi formalaşa bilər",- X.Kərimli əlavə edib.

İlahə QənbərliMissiya.Az

Seçilən
88
missiya.az

1Mənbələr