"5 yanvar 2026-cı il tarixində Prezident Cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə nəqliyyat və loqistika ilə bağlı səsləndirdiyi əsas fikirlərdə səslənmiş konkret layihələr, həm də bu sahənin Azərbaycanın regional və qlobal roluna təsiri kontekstində dəyərləndirmələr yer alır".
QHT.az xəbər verir ki, bunu İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, Prezident müsahibədə Azərbaycanın coğrafi mövqeyinin vahid bir tranzit və nəqliyyat qovşağı kimi üstünlüyünü vurğulayıb. Azərbaycan unikal coğrafi mövqeyə malikdir və bu səbəbdən Mərkəzi Asiya ilə Qərb arasında əlaqəni təmin edə biləcək etibarlı ölkədir. Bu, yalnız regional nəqliyyat üçün deyil, qlobal logistika marşrutlarında alternativ kimi Azərbaycanı önə çıxarır:
"Coğrafi üstünlüyün strateji kommunikasiya nöqtəsinə çevrilməsi Azərbaycan üçün uzunmüddətli iqtisadi dəyər yarada bilər: tranzit gəlirləri, xarici investisiyalar və çoxşaxəli əməkdaşlıq. Bu mesaj Azərbaycanın regional siyasətdə nəqliyyat-konnektivlik sahəsini ön plana çəkir və beynəlxalq tərəfdaşlara “etibarlı tərəfdaş” imici verir. Prezidentin müsahibəsində xüsusi olaraq Naxçıvanla əlaqələri gücləndirən nəqliyyat layihələri qeyd edilib. O, Naxçıvanı Türkiyə ilə birləşdirəcək dəmir yolu xəttinin vacibliyini və bu istiqamətdə işlərin koordinasiyalı aparılmasının zəruriliyini vurğulayıb. Bu çərçivədə Araz üzərində körpü tikintisi də davam edir və bu da əlaqəni gücləndirəcək.
Bu layihə cari regional kontekstdə çox əhəmiyyətli addımdır. Çünki Zəngəzur dəhlizinin açılması ilə birgə Naxçıvanın Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi Azərbaycanın tranzit potensialını xeyli artırır. Bu layihələr həm də ticarət həcmlərinin artmasına, həm də logistika xərclərinin azalmasına gətirib çıxara bilər".